Azərbaycan Qran-prisinin 5 illik mənzərəsi

25 Yanvar, 15:00 Sosial mediada paylaşın:
Odlar diyarı Azərbaycan 5-ci dəfə dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1-ə ev sahibliyi etməyə hazırlaşır. 1950-ci ildən keçirilən və bu il 70 ili tamam olacaq Formula 1, həm də dünyada ən çox televiziya izləyicisinə malik yarışlardan biridir. Yarım milyarda yaxın tamaşaçı auditoriyası olan Formula 1-in yeni ünvanlarından biri Bakıdır. Mötəbər yarışın təşkili ölkəmizə turist marağının artmasına böyük töhvədir. Bu, Azərbaycanda turizm industriyasına cəlb olunmuş kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradır. Bütün bunlar dünyada daha çox insanın Azərbaycan haqqında məlumat almasına kömək edir. Bir sözlə, Formula 1-in təşkili həm Azərbaycanın dünyada təqdimatı, həm də iqtisadi mənfəət baxımından olduqca əhəmiyyətlidir.
Formula 1 yalnız adi avto-moto idman yarışı deyil, eyni zamanda uğurlu təbliğat formasıdır. Prezident İlham Əliyev də Formula 1-in icraçı direktoru Chase Carey ilə görüşü zamanı bu məqamı xüsusi qeyd etmişdi. Ölkə başçımız bildirilmişdi ki, 2018-ci ildə 21 mərhələnin təhlili zamanı mütəxəssislər Bakı qran prisini mövsümün ən yaxşısı adlandırıblar. Belə yüksək qiymət verilməsindən məmnunluğunu ifadə edən və ölkəmizə gələn turistlərin sayının ildən-ilə artdığını vurğulayan prezident İlham Əliyev, xarici turistlərin hər il Azərbaycanda 2 milyard dollardan çox vəsait xərclədiklərini diqqətə çatdırıb.Gəlirlərdən danışmışkən. Dünyanın 4 ən iri audit və konsaltinq şirkətlərindən olan “PwC”-in hesabatına görə, Azərbaycanın keçirdiyi 4 Formula 1 yarışı nəticəsində, ölkə iqtisadiyyatına gələn ümumi gəlir 506.3 milyon dollar, yəni 860 milyon manat təşkil edib. Bunun 300.6 milyon dolları birbaşa, 205.7 milyon dolları isə dolayı gəlirlərdir. Gəlirlər iqtisadiyyatın müxtəlif sahələrini, o cümlədən otel və mehmanxana, restoran, nəqliyyat, telekommunikasiya, sosial və mədəni xidmətlər və digər sektorlarda qeydə alınıb. Təbii ki, bu sahələrin bir-birindən asılılığı var. “İnterdependence” adlanan bu asılılıq sayəsində bir sektorda baş verən artım, avtomatik olaraq digərlərinə də sirayət edir. Danılmaz faktdır ki, 4 il ərzində Bakı yarışı şəhərin və ölkə iqtisadiyyatının bir hissəsinə çevrildi.
Formula 1 yarışlarının həm də ölkəmizin daha geniş auditoriyaya tanıdılmasında böyük rolu var. 2018-ci il Azərbaycan Qran Prisini ümumilikdə 82.3 milyon televiziya tamaşaçısı izləmişdisə, bu göstərici ötən il 10 faiz artaraq 90.2 milyon təşkil edib. Azərbaycan Qran Prisi 21 ölkə və 5 qitədə keçirilən Formula 1 yarışının ən maraqlı mərhələləri sırasındadır. Bakıda keçirilən 4 qran prinin 2-sini beynəlxalq mətbuat, məsələn, “The Times”, “Daily Mail”, “The Guardian” və “Sky Sports” kimi nüfuzlu media qurumları tərəfindən ən yaxşı Qran Pri adlandırılıb. Dünya reytinqində Bakı trası Top 5 ölkələr siyahısına daxil edilib. Bütün bunlara həm də Formula 1-in bir parçası olan 3000-dən çox könüllü və 1500-ə yaxın marşalın dəstəyi, həmçinin dövlət qurumlarının və ən əsası, şəhər sakinlərinin köməyi sayəsində nail olunub.
Son illər 1-ci Avropa Oyunlarına, 4-cü İslam Həmrəyliyi Oyunlarına və bir çox nüfuzlu beynəlxalq yarışlara uğurla ev sahibliyi edən Bakının Formula 1 kimi irimiqyaslı yarışı da yüksək səviyyədə təşkil etməsi, Azərbaycanın idman ölkəsi olduğunu, özünü doğrultduğunu bir daha təsdiqləyir. Bu isə ölkəmizin dünyada getdikcə artan nüfuzundan, siyasi və iqdisadi uğurlarından qaynaqlanır. Həm də onu göstərir ki, qədim tarixə, zəngin mədəniyyətə , milli mənəvi dəyərlərə, eləcə də parlaq idman ənənələrinə malik ölkəmiz hər bir məqsədə çatmağa, hər bir niyyəti gerçəkləşdirməyə qadirdir.
Uğurların davamı kimi, Formula 1-in rəsmi saytı son 10 ilin ən yaxşı 10 Qran Prisinin müəyyənləşdirmək üçün azarkeşlər arasında səsvermə keçirib. 2017-ci il Azərbaycan Qran Prisi mötəbər 10-luqda 6-cı olub. Səsvermədə 1-ci yeri 2019-cu il Almaniya Qran Prisi tutub. Kanada-2011 son 10 illiyin 2-cisi, Braziliya-2019 isə 3-cüsü olub. Nəzərə alsaq ki, 10 ildə təşkil olunan Qran Prilərin sayı 200-dən çoxdur, o halda Azərbaycan yarışına necə yüksək qiymət verildiyi aydın olur. Xatırladaq ki, 2017-ci il Azərbaycan Qran Prisində Mersedes pilotu Lüis Həmiltonla Ferrari sürücüsü Sebastyan Fettel arasında münagişə yaşanmış və bu, həmin dönəmdə ən çox müzakirə edilən hadisələrdən olmuşdu.
Formula 1 üzrə Azərbaycan Qran Prisi başqa özəlliyi ilə də dünyada çox böyük maraq doğurub. Almaniyalı Hermann Tilke tərəfindən layihələndirilən şəhər trası unikallığı ilə seçilir. Belə ki, Monte Karlo və Sinqapur kimi, Azərbaycan Qran Prisi də şəhər trası statusuna malikdir. Azərbaycan Qran Prisində hər dairəin uzunluğu 6 km, trekin ümumi məsafəsi isə 306 km-dir. 10 komandanı təmsil edən 20 pilot, 20 çətin döngəsi olan trekdə 51 dövrə vurur. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə Qoşa qala qapısının yanındakı hissədə 7.6 metr təşkil edir.
Təhlükəsizlik məsələləri də ən yüksək səviyyədə təmin olunub. Burada orta sürət saatda 210, maksimal sürət isə 340 km-dir. Bu da Bakı yarışlarının ən sürətlilər kateqoriyasına daxil olmasına imkan verir. Yarışın startı və finişi Hökümət evinin qarşısında yerləşir. Bakidakı yarış zamanı bolidlər dənizkənarı bulvar boyunca hərəkət edir, şəhərin ən qədim hissəsi olan və Yuneskonun dünya irsi siyahısına daxil edilən İçərişəhər tarix memarlıq qoruğu ətrafında dövr edirlər. Trek şəhərin dəniz sahilindən keçməklə azarkeşlərdə xoş ovqat yaradır, televiziya tamaşaçıları isə şəhərin tam simasını görmək imkanı qazanırlar.
Formula 1 yarışı, qeyd olunduğu kimi, Azərbaycanda 4 dəfə təşkil edilib. 2016-cı il Avropa Qran Prisi adlanan ilk yarışda Mersedes komandasının almanıyalı pilotu Niko Rosberq qalib gəlib. 2017-ci il Azərbaycan Qran Prisi Red Bul Reysinq komandasının Avstraliyalı pilotu Daniel Rikkardonun qələbəsi ilə başa çatıb. 2018-ci ildəki mərhələ isə Mersedes komandasının Britaniyalı sürücüsü Lüis Hamiltonun qalibiyyəti ilə yekunlaşıb. Ötənilki yarış isə Formula 1-in tarixində 1001-ci Qran Pri kimi tarixə düşdü. Gərgin mübarizədə Formula 1 Sokar Azərbaycan Qran Prisinin qalibi adını Mersedes komandasının pilotu Valteri Bottas qazandı. 2-ci yerə Mersedesin digər üzvü Lüis Həmilton çıxdı, ilk üçlüyü isə Ferrari pilotu Sebastyan Fettel tamamladı. Bunula da Formula 1 Sokar Azərbaycan Qran Prisi möhtəşəm şou proqramla başa çatdı.
Qısaca nəzər yetirdiyimiz bu 4 ildə Enrike İglesias, Chris Brown, Pharrell Williams, Tarkan, Nicole Scherzinger, The Black Eyed Peas, Mariah Carey, Christina Aguilera, Jamiroquai, Dua Lipa, Cardi B və Jessie J kimi dünya şöhrətli ulduzlar şəhərimizin qonaqları arasında oldular. Bu il iyunun 5, 6 və 7-də təşkil olunacaq yarışda isə daha möhtəşəm şounun olacağı gözlənilir.
Formula 1-i keçirməklə Azərbaycan ən yüksək səviyyəli turnirləri nümunəvi təşkil etməyə qadir olduğunu bir daha dünyaya göstərdi. İctimai-siyasi sabitliyin hökm sürdüyü ölkəmiz həm də mühüm tədbirləri reallaşdırmaq üçün zəruri infrastruktura malik olduğunu, qədim və zəngin mədəniyyətini, modern və sivil ölkə olduğunu təsdiqlədi.

CANLI YAYIM