Çin irimiqyaslı yarışlardan məhrum ola bilər

29 Yanvar, 18:00 Sosial mediada paylaşın:
Rəsmi məlumata görə, Çində koronavirusa yoluxanların sayı artıq 4500-ə çatıb. 106 nəfərin həlak olduğu bildirilir. Çinin idman tədbirlərinin təşkilinə cavabdeh olan dövlət qurumu bu səbəbdən aprel ayına qədər ölkədə keçiriləcək bütün idman yarışlarını ləğv edib. Əgər epidemiyanın qarşısını almaq mümkün olmasa, hətta 2022-ci il Pekin Qış Olimpiya oyunlarının təşkili də sual altına düşəcək.
Bunu mütəxəssislər də təsdiqləyiblər. Çini cənginə alan koronavirusa görə ölkənin bu il ev sahibliyi edəcəyi yarışlar təxirə salına bilər. Dünyanın aparıcı idman təşkilatları və assosiasiyaları epidemiya ilə bağlı narahatlıqlarını ifadə ediblər. Artlq Beynəlxalq Basketbol Federasiyası qadınlardan ibarət milli komandaların olimpiya təsnifat turnirini Çinin Foşan şəhərində deyil, Belqradda təşkil edilməsi barədə qərar çıxarıb. Qurum rəsmiləri bunu təhlükəsizliyin təmin olunması ilə əlaqələndiriblər. Ancaq yarış elə planlaşdırıldığı kimi, fevralın 6-da başlanıb, 9-da yekunlaşacaq. Beynəlxalq Atletika Federasiyası da eyni addımı atmaq niyyətindədir. Mart ayında Çinin Nankin şəhəri atletika üzrə dünya çempionatına ev sahibliyi etməlidir. Lakin epidemiyanın yayıldığı Uxandan 170 km məsafədə olan şəhərdə koronavirusa yoluxanlar aşkarlanıb və Nankində də karantin elan edilib.
Daha bir neçə mötəbər yarışın keçirilməsi koronavirusa görə təyinatı yerində, yəni Çində təşkil edilməyə bilər. Belə turnirlərdən ən irimiqyaslısı, təbii ki, apreldə keçirilməli olan Formula 1 üzrə Çin qran-prisidir. Bu ilin oktyabr-noyabr aylarında qadın tennisçilərin yekun mübarizəsi və dekabrda fiqurlu konkisürmə üzrə qran-prinin final mərhələsi də Çində təşkili sual altına düşən yarışlar sırasındadır.
Amma bu, təxirə salınması, yaxud yeri dəyişdirilməsi gözlənilən yarışların yalnız bir hissəsidir. Belə getsə, Çin nəinki bu il ümumiyyətlə heç bir idman tədbirinə ev sahibliyi edə bilməyəcək, hətta 2022-ci il Pekin qış Olimpya oyunlarının da təşkilatçısı olmaq hüququnu itirəcək .

CANLI YAYIM