Bakıda beynəlxalq konfransda Formula 1 rəhbəri də iştirak edib

13 Fevral, 11:00 Sosial mediada paylaşın:
Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı beynəlxalq konfrans keçirilib.
Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Formula 1 şirkətlər qrupunun baş icraçı direktoru və sədri Çeyz Keri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digərləri iştirak edib.  Giriş sözü ilə çıxış edən Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov Azərbaycanın “Formula 1”i ən yüksək səviyyədə təşkil etməsindən və ölkəyə gətirdiyi faydalardan danışıb. O, bu il keçiriləcək Azərbaycan Qran-Prisinə ciddi hazırlaşdıqlarını bildirib. Konfransın moderatoru, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri  Nigar Arpadarai tədbirin əsas məqsədi barədə məlumat verib. Gənclər və İdman naziri Azad Rəhimov çıxışında vurğulayıb ki, təkcə 2019-cu ildə Bakıda 60-ı beynəlxalq olmaqla, ümumilikdə 250 yarış təşkil edilib və onların arasında F-1 Azərbaycan qran-prisi xüsusi önəm kəsb edir.
Formula 1 şirkətlər qrupunun baş icraçı direktoru və sədri Çeyz Keri isə bunları deyib: “Azərbaycanın dünyada təbliği, ölkənin idman yarışlarından gəlir götürməsi  baxımından Formula 1 böyük önəm daşıyır. Ona görə məqsədimiz uzunmüddətli tərəfdaşlığa nail olmaqdır. Bakı yarışına gəlincə, deməliyəm ki, küçə yürüşlərinin təşkili çətindir, amma bu çətin işin öhdəsindən layiqincə gəlirsiniz. Sizi təbrik edirəm”.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, F-1 təşkil ediləndən bəri Azərbaycana gələn xarici turistlərin sayı 4 dəfə artıb. 2016-cı ildə 144 otel vardısa, indi 200-dən çoxdur. Bu il Bakıda futbol üzrə Avropa çempionatının 4 oyununun keçiriləcəyindən bəhs edən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov xarici vətəndaşların artıq 111 min bilet aldığını, beynəlxalq yarışların təşkilinin ölkə iqtisadiyyatının güclənməsinə kömək etdiyini bildirib.
Konfransın yekununda müxtəlif  videoçarxlar təqdim olunub.
FOTOLAR: RÜSTƏM İSMAYILOV

CANLI YAYIM