Mustafayev gümüş, Rəhimzadə və Həsənov bürünc medal qazanıb

16 Fevral, 00:09 Sosial mediada paylaşın:
İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.
Beşinci yarış günündə sərbəst güləşçilərin mübarizəsinə start verilib. Əfqan Xaşalov startda Fransa idmançısına vaxtından əvvəl qalib gəlsə də, alman rəqibinə 1/4 finalda uduzub.
Püşk Əli Rəhimzadəni startda olimpiya, dünya və 3 qat Avopa çempionu Vladimir Xinceqaşviliylə üz-üzə qoyub. Ancaq gənc güləşçimiz titullu rəqibiylə görüşü çəkinmədən və yüksək səviyyədə keçirərək böyükhesablı qələbəyə sevinib. Rəhimzadənin rumıniyalı həmkarıyla dueli ağır keçib. Son saniyələrdə aldığı xal Əlini yarımfinala yüksəldib. Rəhimzadə finalın bir addımlığında Belarus güləşçisinə məğlub olub və fevralın 15-də bürünc medal üçün Macarıstanın güclü güləşçisi İsmayıl Musukayevlə mübarizə aparıb. Gərgin keçən qarşılaşmada əzmkarlıq göstərən həmyerlimiz son saniyələrdə aldığı xalla Avropa çempionatının bürünc medalını qazanıb.
Ağahüseyn Mustafayev ilk mərhələdə Ermənistan idmançısıyla üz-üzə gəlib. Dramatik görüş olduqca gərgin və maraqlı alınıb. Prinsipial qarşılaşmaya rəqib daha yaxşı başlayıb və 8:0 önə keçib. Ancaq özünü itirməyən həmyerlimiz inanılmaz əzmkarlıq nümayiş etdirərək fantastik geridönüş edib. İkinci hissədə rəqibə göz açmağa imkan verməyən Avropa çempionatının gümüş medalçısı yarışa inamlı qələbəylə start verib. Həmyerlimiz daha sonra Belarus təmsilçisindən güclü olub. Ukrayna güləşçisini də sıradan çıxaran Ağahüseyn yarımfinala adlayıb. Mustafayev Moldovadan olan həmkarına da qalib gələrək ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Həlledici görüşdə Polşanı təmsil edən dağıstanlı həmkarına yenilən Ağahüseyn ikinci dəfə Avropa çempionatının gümüş medalı ilə kifayətlənib.
Cəbrayıl Həsənov ötən analoji yarışda olduğu kimi, yenə ilk görüşdə Nika Kentçadzeni sınağa çəkib. Buxarestdə olduğu kimi, Romada da millimizin kapitanı ilə 23 yaşadək güləşçilərin dünya çempionu arasında qarşılaşma gərgin mübarizə şəraitində keçib. Son dəqiqəyə kimi 3 qat Avropa çempionumuz hesabda 0:3 geridə olsa da, xarakter göstərərək qələbəni təmin edib. Həsənovun növbəti görüşü də asan keçməyib. Cəbrayıl Rumıniya güləşçisiylə mübarizədə xalların keyfiyyətinə görə mərhələ adlayan tərəf olub. Daha sonra Ermənistan güləşçisinə gücünü göstərən Həsənov yarımfinala vəsiqə qazanıb. Ancaq təcrübəli güləşçimiz Rusiya güləşçisinə yenilərək finala çıxa bilməyib. Cəbrayıl fevralın 15-də üçüncü yer üçün türk güləşçini sınağa çəkib və minimalhesablı qələbəylə 8-ci dəfə qitə birinciliyində fəxri kürsüyə qalxıb.
Nurməhəmməd Hacıyev startda Macarıstan pəhləvanını yolundan kənarlaşdırıb. Ancaq 1/4 finalda olimpiya, 4 qat dünya və 3 qat Avropa çempionu Abdulrəşid Sadullayevlə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Hacıyev fevralın 15-də təsəlliverici görüşə çıxıb və makedoniyalı həmkarını üstələyib. Bürünc medal uğrunda qarşılaşmada Gürcüstan təmsilçisinə minimal fərqlə uduzan Nurməhəmməd bu dəfə fəxri kürsüdən kənarda qalıb.

CANLI YAYIM