Formula 1 ictimaiyyəti mövsümü boşa verməkdən qorxur

9 Aprel, 13:00 Sosial mediada paylaşın:
Formula 1-də Qran-prilər təxirə salındıqca, komandalar maliyyə böhranı ilə üz-üzə qalır. Bu baxımdan pilotlar daha ağır zərbəyə məruz qalır. Məvaciblərin azaldılması ilə yanaşı onlar sükandan aralı düşməklə yarışın ritmini də itirir. Nəzərə alaq ki, çempionat başlanandan sonra təqvim sıxlaşacaq və bu amil də əlavə problemə səbəb olacaq.Odur ki, indiki məqamda Formula 1-dəki vəziyyəti xaos adlandırmaq mümkündür. Kimə söz verilirsə, hamı şikayətlənir. Bəs görəsən, komandaların rəhbərləri və üzvləri nədən gileylənir?
Bir vaxtlar “Red Bull” kimi iddialı komandada çıxış edən Daniel Rikkardo hazırda “Reno”da belə demək olar ki, yaşamaq uğrunda mübarizə aparır. Karyerasının sonluğunda avstraliyalı pilot yarışlar başlanacaöğı halda sıx təqvimin onları yoracağından narahat olduğunu söyləyib: “Biz hər həftə trasa çıxmalı olsaq, onda təşkilatçılar həftə sonunun günlərini azaltmalıdır. Məncə, belə məqamda ardıcıl 3 yox, 2 gün yarışmalıyıq. Belə vəziyyətdə bütün Avropa Qran-prilərini ardıcıl keçirib daha sonra başqa qitələrə yollanmaq olar. Ya da ki, bunun əksini edin, yarışı başqa qitələrdə başlayın, sonra da Avropada yekunlaşdırın. Biz çox Qran-pri keçirməyə hazırıq, amma uzun prosedurun əleyhinəyik” SİTATIN SONU
“Alfa Tauri”nin rəhbəri Frants Tostu isə Qran-prilərin bir-bir təxirə salınması narahat edir. Avsrtriyalı funksioner ümumiyyətlə mövsümün baş tutmayacağından qorxur: “Əgər iyunda başlasaq, yarıçları böhrandan müəyyən qədər xilas edə bilərik. Əks halda, əsl faciə ilə qarşılaşacağıq. Təsəvvür edin, biz təxirə salınan hər Qran-priyə görə 1,5-2 milyon avro itiririk. Mövsüm baş tutmasa hansı problemlərlə üzləşəcəyimizi təsəvvür etmək çətin olmayacaq. İndi bizi “Liberty Media” vəziyyətdən çıxara bilər. Onlar sponsorlardan və teleyayın hüququndan alınan gəlirə görə məsuliyyət daşıyır”. SİTATIN SONU
“Ferrari” rəhbəri Mattia Binotto da “Liberty Media”dan çox şey gözləyir. O, indiki məqamda emosional qərarlar verilməsinin əleyhinədir: “Reqlamentə əsasən, mövsümün baş tutması üçün minimum 8 yarış olmalıdır. Təbii ki, hamımız daha çox yarış keçirmək istəyirik. Mən əminəm ki, Çeyz Kerri və onun komandası mövcud vəziyyətdə ən yaxşı çempionatı keçirəcək. Elə etməliyik ki, Qran-prilər də azarkeşlərin ürəyincə olsun. Təəssüf ki, indi heç kim çempionatın nə vaxt başlanacağı ilə bağlı suala cavab verə bilmir. Bəlkə də mövsümə iyulda start verdik. Amma indidən bu haqda danışmaq tezdir. Əsas odur ki, emosional qərar qəbul etməyək”

CANLI YAYIM