Holifildlə Tayson yenidən rinqdə üz-üzə gələ bilər

8 May, 13:37 Sosial mediada paylaşın:
İdman  həvəskarları peşəkar boksun  iki əfsanəsi - Evander Holifild və Mayk Taysonu yenidən  rinqdə görə bilərlər. 57 yaşlı Holifild artıq döyüşə hazırlığa başlayıb. Mayk Taysona isə yenidən rinqə qayıtması üçün yüksək qonorar təklif edilib.
Ən ağır çəkidə dördqat dünya çempionu Evander Holifild yenidən rinqə qayıtmağı qərara alıb. 57 yaşlı əfsanəvi boksçu  xeyriyyə məqsədilə yoldaşlıq xaraketrli bir neçə döyüşə çıxacaq. Bu barədə Holifildin  özü məlumat verib. Qeyd edək ki,onun Mayk Taysonla görüşləri indiyədək boks tarixinin unudulmaz məqamları kimi xatırlanır. Bunlar Holifildə xüsusilə böyük  şöhrət gətirib.  1996-cı ildə titul uğrunda onların ilk qarşılaşmasında Tayson favorit sayılsa da, qələbəni Holifild qazanmışdı. 1 il sonra keçirilən  revanş döyüşündə isə boks aləmində görünməmiş bir hadisə uzun müddət  dünya mediasının müzakirə mövzusuna çevrildi. Belə ki, Tayson rəqibinin qulağını dişlədiyi üçün məğlub elan edilməklə yanaşı həm də diskvalifikasiya olunaraq rinqdən uzaqlaşdırıldı. Amma indi  təşkilatçılar Mayk Taysonun yenidən rinqə qayıtmasını istəyirlər. Hətta “Beyr Nakl Faytinq Cempionşip” qurumunun rəhbəri Devid Feldman döyüşə razılıq verməsi üçün Taysona 20 milyon dollar qonorar təklif etdiklərini açıqlayıb. Sonuncu dəfə 15 il əvvəl rinqə çıxan Dəmir Mayk özü bu təklifə hələlik münasibət bildirməsə də, yayılan məlumatlarda deyilir ki, görkəmli boksçu xeyriyyə məqsədi daşıyan  tədbirlərdə iştirak etmək istəyir. Holifild - Tayson əfsanəsinin yeni seriyası, sözsüz ki, qeyri-adi tamaşa arzusunda olan azarkeşlər üçün ən böyük hədiyyə olardı.

CANLI YAYIM