"Brügge" Belçika çempionu elan edilib

16 May, 12:08 Sosial mediada paylaşın:
Avropada futbolun canlanmağa başladığı vaxtda daha bir ölkədə çempionat rəsmən başa çatdırılıb. Hələ bundan əvvəl də mövsümü davam etdirməyəcəklərini açıqlayan Belçikada ümumi yekunlar elan edilib.
Martın 13-də yarımçıq dayandırılan Belçika futbol çempionatında mövsüm bərpa olunmayacaq. Artıq bununla bağlı yekun qərar elan edilib. 29 turdan sonra 70 xalı olan və ən yaxın rəqibi “Gent”i 15 xal qabaqlayan “Brügge” çempion hesab olunub. Bu, komandanın son 5 ildə 3-cü, ümumiyyətlə isə, 16-ci çempionluğudur. Bu nominasiyada o, yalnız 34 titulla rekordçu olan “Anderlext”dən geri qalır. Beləliklə, “Brügge” həm də Belçikanı UEFA Çempionlar Liqasının qrup mərhələsində təmsil etmək hüququ qazanıb. Son cədvələ əsasən 2-ci yerdə olan “Gent” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində çıxış edəcək. Ilk 5-likdəki digər komandalardan “Şarlerua” Avroliqanın qrup mərhələsində, “Antverpen” və “Standard” isə təsnifatda yarışacaqlar.
Turnir cədvəlinin sonuncu pilləsində olan “Vasland-Beveren” aşağı liqaya endirilib. Həmin dəstədən hansı komandanın növbəti mövsümdən elitada çıxış edəcəyi barədə isə hələ qərar verilməyib. Hazırda 2-ci liqada turnir cədvəlində ilk 3-lükdə olan “Virton”, “Vesterlo” və “Lyuven” klublarından biri bu vəsiqəyə yiyələnəcək. Qeyd edək ki, Belçikada yeni mövsümə avqustun 7-də start veriləcək.

CANLI YAYIM