"Bavariya" ən yaxın izləyicisi ilə xal fərqini artırıb

27 May, 12:42 Sosial mediada paylaşın:
Almaniya çempionatında 28-ci turun mərkəzi görüşü Dortmundda olub. “Borussiya” Siqnal İduna Parkda “Bavariya”nı qəbul edib. Gərginliyi ilə diqqət çəkən oyunun ilk hissəsində hesab açılıb. 43-cü dəqiqədə Coşua Kimmixin mükəmməl zərbəsi qarşısıalınmaz olub. Fasilədən sonra hücumlarını daha gücləndirən meydan sahibləri irəli atılsalar da heç nə ilə yadda qala bilməyiblər. Münhen futbolçuları minimal hesabla qalib gəliblər. Bununla da, lider “Bavariya” ən yaxın izləyicisi ilə xal fərqini 7-ə çatdırıb. Münhen klubunun 64, “Borussiya”nın isə 57 xalı var.
Koronavirusa görə yaranan fasilədən sonra qələbələri sıralayan “Bayer” isə “Volfsburq”u qəbul edib. Fasiləyədək hesab açılıb. Qonaqlardan Marin Ponqraçiç fərqlənib. İkinci yarıda da hücumlarını davam etdirən “Volfsburq” futbolçuları daha 3 dəfə rəqib qapısına yol tapıblar. Maksimilian Arnold, Renato Şteffen hərəyə bir qol vurduğu halda, Ponqraçiç dubl edib. Leverkuzenlilərin gücü isə yalnız Yulian Baumqartlinqerin 1 dəqiq zərbəsinə çatıb. 4:1 hesabı ilə qələbə qazanan “Volfsburq” 42 xalla 6-cı yerdədir. 53 xalı olan “Bayer” ilk 5-liyi tamamlayır. Digər oyunda “Ayntraxt” “Frayburq”la 3:3 hesablı heç-heçə edib. “Verder” – “Borussiya” Mönhenqladbax görüşündə isə hesab açılmayıb.

CANLI YAYIM