Evander Holifild Lennoks Lüislə görüşmək istəyir

2 İyun, 11:34 Sosial mediada paylaşın:
Son günlər Mayk Taysonla Evander Holifild arasında 3-cü döyüşlə bağlı müzakirələr getsə də, bu istiqamətdə hələ heç bir addım atılmayıb. Əksinə, sabiq dünya çempionlarının adları artıq başqa rəqiblərlə yanaşı çəkilir...
Bir neçə gün əvvəl Mayk Taysonun hələ 1995-ci ildə məğlub etdiyi Peter Maknili ilə qarşılaşacağı haqda məlumat yayılmşdı. Halbuki dünya ictimaiyyəti dəmir Maykın 2 dəfə məğlub olduğu Evander Holifildlə döyüşünü maraqla gözləyirdi. İndi də Holifildin adı başqa boksçu ilə hallanır. Evander özü bildirib ki, təkcə Taysonla döyüşməkdə maraqlı deyil. O, sabiq dünya çempionu Lennoks Lüislə də qarşılaşmağa hazır olduğunu bildirib: “Vaxtı ilə səninlə eyni səviyyədə olan rəqiblərlə qarşılaşmaq əla ideyadır. Fanatlar mənim Bou və Taysonla görüşümü səbirsizliklə gözləyə bilər. Amma Lüislə qarşılaşmağımı istəyənlər də var. Bu, çox yaxşı haldır. Mən istənilən nüfuzlu rəqiblə qarşılaşmağa hazıram”.
Lennoks Lüis hələ ki, Evander Holifildin çağırışına cavab verməyib. Xatırladaq ki, Holifild karyerası boyu keçirdiyi 57 görüşün 44-də qalib gəlib, 10 döyüşdə uduzub. Lüis isə 44 döyüşün 41-də qələbə qazanıb və yalnız iki dəfə məğlub olub.
 

CANLI YAYIM