Yunan-Roma güləşi Olimpiadanın proqramından çıxarıla bilər

19 İyun, 10:56 Sosial mediada paylaşın:
Yunan-Roma güləşi 2024-cü ildə keçiriləcək Olimpiadanın proqramından çıxarıla bilər.  Dünya Güləş Birliyinin videokonfransında bununla bağlı müzakirələr aparılıb. Məsələyə Azərbaycan Güləş Federasiyasının prezidenti əvəzi Namiq Əliyev münasibət bildirib.  
Azərbaycan Güləş Federasiyasının prezidenti əvəzi, Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyev federasiyanın saytına verdiyi müsahibəsində bir sıra aktual məsələdən danışıb. Dünya Güləş Birliyinin videokonfransında Yunan-Roma güləşinin 2024-cü ildəki Olimpiadanın proqramından çıxarılması ilə bağlı müzakirələrin aparıldığını deyən federasiya rəhbəri böyük ehtimalla bunun reallaşacağını bildirib: “Yunan-Roma güləşin ən qədim növü hesab olunur. Sadəcə, Beynəlxalq Olimpiya Komitəsinin özünün prinsipləri var ki, onlardan da biri idmanın baxımlı olmasıdır. Bu yanaşma doğrudur. Bütün idman növləri hərtərəfli təhlil olunur. Son zamanlar güləşin bu növündə baxımlılıq, izləyici kütləsi azalıb. Baxmayaraq ki, Dünya Güləş Birliyi müəyyən qaydalarda dəyişikliklər etməklə baxımlılığı artırmağa çalışır. Yeniyetmələrin Olimpiadasına çimərlik güləşi daxil edilib. Artıq bir neçə ildir ki, güləşin bu növü üzrə yarışlarda təmsil olunuruq, çempionlarımız var. Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclasında gedən müzakirələrə əsasən deyə bilərəm ki, böyük ehtimalla, yunan-Roma güləşi 2024-cü ildə keçiriləcək Olimpiadanın proqramında yer almayacaq". 
Namiq Əliyev pandemiyaya görə gələn ilə təxirə salınan  Tokio Yay Olimpiya Oyunları barədə də danışıb. Federasiya rəsimisi 4 illiyin zirvə yarışının təşkil olunacağına ümid etdiyini deyib. Bu il böyüklər arasında dünya çempionatının keçirilməsini zəruri hesab edən Namiq Əliyevin sözlərinə görə Olimpiadanın gələn ilə təxirə salınması 2021-ci ildəki mundialın bu ilin dekabrında təşkil edilməsinə imkan yaradır.. “Bu, hazırlıq prosesində güləşçilərin motivasiyasını da artıracaq. Artıq Serbiya dünya çempionatı  üçün namizədliyini irəli sürüb. Daha 5-6 ölkə bu yarışı keçirmək istəyir. Büronun iclasında pandemiya şəraitində yarışlarla bağlı A, B və C variantları irəli sürüldü. Artıq bəzi idman növlərində turnirlər bərpa olunub. Fikrimcə, sentyabrdan güləşdə də yarışlara start veriləcək. deyə Namiq Əliyev bildirib. 

CANLI YAYIM