ABŞ-da bəzi tennis turnirləri ləğv edilib

8 İyul, 12:00 Sosial mediada paylaşın:
Avqustun 10-dan tennis turnirlərin bərpa ediləcəyi elan olunsa da, hazırda vəziyyət heç də ürəkaçan deyil. Novak Cokoviçin təşkil etdiyi “Adria Tour” turnirində bir neçə tennisçinin koronavirusa yoluxması bütün planları pozdu. Üstəlik ABŞ-da hələ də yoluxucu infeksiya sürətlə yayılır.
ABŞ-da koronavirus infeksiyasının sürətlə yayılması bu ölkənin tennis federasiyasını narahat etməyə bilməz. Məsələ ondadır ki, avqustun 31-də start götürməli olan “US Open”ə qədər bu ölkədə bir neçə tennis turniri keçirilməli idi. Düzdür, hələ ki, həmin turnirlərlə bağlı heç bir qərar qəbul edilməsə də, ABŞ Tennis Federasiyası bəzi “Çellenc” yarışları ləğv etmək qərarına gəlib. Söhbət Deyketer və Memfisdəki kişi, Leksinqton, Lendisvill və Konkorddakı qadın turnirlərindən gedir. Belə ki, ABŞ höküməti bu ərəfələrdə ölkəyə mümkün qədər az idmançının gəlməsini istəyir. Amma bu heç də o demək deyil ki, “US Open”in keçiriləcəyinə tam təminat verilib. Hələ də bəzi mənbələr bu turnirin ən yaxşı halda vaxtının növbəti dəfə dəyişdiriləcəyini yazır. Bu mövsüm heç bir turnirdə iştirak etməmək qərarına gələn Rocer Federer isə “US Open” rəhbərliyi ilə əlaqə saxladığını və onların iyulun 30-na konkret qərar qəbul edəcəklərini söyləyib.

CANLI YAYIM