Alonsonun "Reno"ya keçidi rəsmiləşib

9 İyul, 11:00 Sosial mediada paylaşın:
Növbəti mövsüm iddiasını artırmaq istəyən “Reno” bu yöndə ilk addımını atıb. Fransa avtoidman şirkəti Formula 1 üzrə 2 qat dünya çempionu Fernando Alonso ilə anlaşıb. Dünən “Reno” rəhbərliyi ispaniyalı pilotun adını ictimaiyyətə açıqlayıb.
Fernando Alonso növbəti mövsüm “Reno”nun şərəfini qoruyacaq. Dünən Formula 1 üzrə 2 qat dünya çempionu 2 illik müqaviləyə imza atıb. Əslində Daniel Rikkardonun bir müddət öncə “Maklaren”lə müqavilə imzalaması “Reno”nu yeni pilot axtarışına sövq etmişdi. Bu mənada Formula 1-ə qayıtmaq istədiyini söyləyən Alonsodan daha yaxşısını tapmaq çətin idi. Hər halda Esteban Okon üçün Alonso ən ideal komanda yoldaşı ola bilərdi. Xatırladaq ki, Fernando karyerasına məhz “Reno”da başlamış və məhz bu komandanın heyətində 2 dəfə dünya çempionu olmuşdu. O 2018-ci ilin sonunda Formula 1-dən ayrılmış və müxtəlif yarış kateqoriyalarında qüvvəsini sınamışdı.
İyulun sonunda 39 yaşını qeyd edəcək Alonso “Reno”ya keçidi haqda bunları söyləyib: “Bura mənim evimdir. Karyeramın ən şirin xatirələri “Reno”ya aiddir. İki çempionluğumu məhz bu komandada qazanmışam. Amma indi keçmişə yox, gələcəyə boylanıram. Öz məqsədlərim var və bu komanda iddialarıma cavab verir. “Reno”nun inkişafı göz qabağındadır. Ümid edirəm ki, növbəti mövsümdən artıq biz də fəxri kürsüyə yüksələcəyik”.

CANLI YAYIM