“Red Bull” Fettelə dəvət göndərəcəkmi?

10 İyul, 11:00 Sosial mediada paylaşın:
Fernando Alonsonun qayıdışından sonra Formula 1 ictimaiyyətini indi başqa sual düşündürür: ikiqat dünya çempionu qayıdırsa, dördqat dünya çempionunun aqibəti necə olacaq? Sebastyan Fettel özünə yeni komanda tapa biləcəkmi?
Fernando Alonsonun “Reno” ilə 2 illik müqavilə imzalamasından sonra Avropa mətbuatının növbəti müzakirə mövzusu Sebastyan Fettelin “Red Bull”a qayıdışı olmalı idi. Alonso 2 dəfə “Reno” ilə Formula 1 çempionu olmuşdusa, Fettel 4 dəfə “qırmızı öküzlər”lə dünyanın ən güclü pilotuna çevrilmişdi. Mövsümün sonunda “Ferrari” ilə müqavilə müddəti başa çatacaq Sebastyanın gələcək taleyinin sual altında olması “Red Bull”u hərəkətə keçirməli idi. Almaniya və Avstriya mətbuatının məlumatına görə, “Red Bull”un sahibi Ditrix Mateşits və şirkətin avtoidman bölməsinin baş məsləhətçisi Helmut Marko Sebastyan Fetteli geri qaytarmaq istəyir. Deyilənə görə, Mateşits “Ferrari”nin Fettelə qapını göstərməsindən qəzəblənərək ona sahib çıxmağı planlaşdırır. Axı məhz almaniyalı pilot “Red Bull”a ardıcıl 4 dəfə dünya çempionluğu qazandırmışdı. Növbəti mövsüm Fetteli geri qaytarmaq istəyən “Red Bull” Aleksandr Albonu “Alfa Tauri”yə göndərməyi planlaşdırılır.
Bu xəbər avtoidman həvəskarlarını həyəcanlandırdığı bir məqamda “Red Bull”un məsləhətçisi Helmut Marko bütün suallara aydınlıq gətirib: “Fettel üçün yerimiz yoxdur. Biz Albona inanırıq. Aleksandrın bir tərəfi tailandlıdır, “Red Bull”un 51 faizi isə Tailandındır. Fettelin yerinə olsaydım, bir illik istirahət götürərdim, vəziyyəti dəyərləndirərdim. Bəlkə bir ildən sonra yaxşı təklif gəldi. Bəlkə də özünü ailəsinin əhatəsində daha rahat hiss etdi və geri qayıtmaaq istəmədi”.
 

CANLI YAYIM