Türkiyə "Qran-Pri"sini 100 min azarkeş izləyə bilər

2 Sentyabr, 13:48 Sosial mediada paylaşın:
Mövsümün sonlarına yaxın Formula 1 “Qran-pri”lərinin azarkeşlə keçiriləcəyi hamıya məlumdur. Amma bu yarışlarda avtodromların nə qədər azarkeş qəbul edəcəyi tam olaraq müəyyənləşməyib. Hər halda, həmin dövrdə pandemiya ilə bağlı vəziyyətin necə olacağını proqnozlaşdırmaq mümkün deyil. Buna baxmayaraq, Türkiyə Qran-prisinin təşkilatçıları nikbinliyini itirmir. Belə ki, Türkiyə "Qran-pri"sinin təşkilat komitəsi bu il İstanbul avtodromunda 100 min azarkeş qəbul etmək istəyir. Bu barədə Türkiyədəki yarışın proumoteri Vural Ak məlumat verib. Mətbuata açıqlama verən Ak bunları söyləyib: “Xəstəliklə bağlı vəziyyət pisləşsə, "Qran-pri"ni azarkeşsiz keçirəcəyik. Amma hər şey qaydasında getsə, yarışı azarkeşlə təşkil etmək istəyirik. Bizim avtodrom 220 min nəfəri qəbul edə bilər.Təhlükəsizlik tədbirləri naminə, biz müəyyən yerləri bağlı saxlayacağıq. Ümumilikdə isə planımızda 100 min azarkeşi qəbul etmək var”. Noyabrın 15-də keçiriləcək "Qran-pri"nin biletlərinin qiymətini də açıqlayıb. O, bir biletin 30 TL-dən satılacağını söyləyib. Bu isə azarkeşlə keçiriləcək yarışlar arasında ən ucuz qiymətdir. Xatırladaq ki, ötən həftə Formula 1 rəhbərliyi 9 ildən sonra Türkiyə "Qran-pri"sinin təqvimə salınacağını elan etmişdi.

CANLI YAYIM