Norveçdə 6 qol vurulan oyunda heç-heçə

24 Sentyabr, 11:30 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında pley-ofun ilk görüşləri başa yekunlaşıb. “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Molde”nin “Ferentsvaroş”la oyunu məhsuldar alınıb. Görüşdə 6 qol vurulsa da, qalib müəyyənləşməyib. Kiyev “Dinamo”su azlıqda qalan “Gent”i məğlub edib. “Olimpiakos” isə öz meydanında “Omoniya”dan üstün olub.
UEFA Çempionlar Liqasında pley-ofun ilk oyunları keçirilib. 3-cü təsnifat mərhələsində “Qarabağ”a qalib gələn “Molde” öz meydanında “Ferentsvaroş”la qarşılaşıb. Hesabı 7-ci dəqiqədə Macarıstan klubu açıb. Frank Boli görüşdə ilk qolun müəllifi olub. 1-ci hissə minimal hesabla başa çatıb. Fasilədən sonra Mürto Uzuni hesabı 2:0 edib. Amma çox keçmədən “Molde” futbolçuları fərqi minimuma endiriblər. Leke Ceyms diqqət mərkəzinə düşüb. Az sonra tarazlıq bərpa olunub. Maqnus Eykrem hesabı bərabərləşdirib 2:2. Son 10 dəqiqə də gərgin mübarizə şəraitində keçib. Vaxtın başa çatmasına 7 dəqiqə qalmış Martin Ellinqsen Norveç klubunun qələbə ümidlərini artırıb. Amma skandinaviyalılar sərfəli hesabı qoruya bilməyiblər. 4 dəqiqə sonra “Ferentsvaroş”un ukraynalı legioneri İqor Xaratin 11 metrlik nöqtədən fərqlənərək hesabı 3:3 edərək mübarizəyə nöqtə qoyub.
Kiyev “Dinamo”su səfərdə “Gent”lə üz-üzə gəlib. Bu oyunda da erkən qol vurulub. 9-cu dəqiqədə Vladislav Supryaqa Kiyev klubunu irəli keçirib. Amma “Gent”in heyətində Tim Klayndinst 1-ci hissənin başa çatmasına 4 dəqiqə qalmış tarazlığı bərpa edib. Fasilədən sonra belçikalılar azlıqla qalıblar. Roman Bezus meydandan çıxarılıb. Say üstünlüyü qazanan “Dinamo” 79-cu dəqiqədə istəyinə çatıb. Karlos De Pena Kiyev klubuna qələbə qazandırıb 2:1.
“Olimpiakos”  Kipr “Omoniya”sını qəbul edib. Meydan sahibləri 2-ci hissədə vurduqları qollar sayəsində qalib gəliblər. 69-cu dəqiqədə Matyö Valbuena penaltini dəqiq yerinə yetirib. 2-ci yarıya artırılan 2-ci dəqiqədə isə Yusif Əl Arabi son nöqtəni qoyub. Cavab oyunları sentyabrın 29-da olacaq.

CANLI YAYIM