"Rolan Qarros" ərəfəsində qalmaqal yarandı

24 Sentyabr, 15:30 Sosial mediada paylaşın:
“US Open”də yaşananan qalmaqallara deyəsən “Rolan Qarros”da şahidlik edəcəyik. Koronavirus pandemiyasına görə ağır şəraitdə mübarizə aparan tennisçilər artıq öz narazılıqlarını bildirir. Hətta buna görə mübarizədən kənarlaşdırılan raketka ustası da var. Deyəsən, “bu xəmir hələ çox su aparacaq”...
Bosniya və herseqovinalı tennisçi Damir Cumhur “Rolan Qarros” turnirində çıxış edə bilməyəcək. Buna səbəb onun məşqçisi Petar Popoviçin koronavirusa yoluxmasıdır. Turnirin reqlamentinə əsasən, tennisçinin məşqçisinin koronavirus testi müsbət nəticələnsə, həm o, həm də idmançı yarışdan kənarlaşdırılır. Amma Damir Cumhur bununla razılaşmaq fikrində deyil. O, hesab edir ki, belə bir qərarı vermək üçün testin təkrar nəticəsini gözləmək lazımdır: “Onların sözlərinə görə, testin nəticəsi müsbət çıxdısa, ikincisinə ehtiyac olmadan yarışdan kənarlaşırsan. Bu, düzgün qərar deyil. Çünki analizin nəticəsi yanlış da ola bilər. Onlar bunu bir daha yoxlamaq üçün məşqçimdən ikinici dəfə də analiz götürə bilər. “Rolan Qarros”un təşkilat komitəsini məhkəməyə verəcəyik. Mən Romadan öz hesabıma Parisə gəlmişəm, bəs təyyarə biletinin pulunu kim ödəyəcək? Hələ məşqçinin xərclərini də yaddan çıxarmayaq”.
Cumhurun bu açıqlamasından sonra onun məşqçisi Petar Popoviç ikinci dəfə koronavirus testi verib. Maraqlıdır ki, analizin nəticəsi mənfi olub. Bosniya və herseqovinalı idmançının etirazı isə deyəsən qəbul olunmayacaq. Çünki turnirin baş həkimi Bernar Montalvan Cumhurun yarışdan əvvəl hamı kimi protokol imzaladığını və istənilən halda qərarla razılaşmalı olduğunu söyləyib.

CANLI YAYIM