Bu gün "Bavariya" ilə "Sevilya" üz-üzə gələcək

24 Sentyabr, 17:30 Sosial mediada paylaşın:
Ötən mövsümü 3 titulla başa vuraraq tarixində 2-ci dəfə trebl edən “Bavariya” UEFA Superkuboku uğrunda matçda Avropa Liqasının qalibi və rekordçusu “Sevilya” ilə üz-üzə gələcək. Münhen klubunun əla oyunla qazandığı inamlı qələbələr onların bu finalda da favorit olduğunu söyləməyə imkan verir. Maraqlıdır ki, almaniyalılar indiyədək yalnız 1 dəfə - 2013-cü ildə superkuboku muzeylərinə aparıblar. 3 dəfə isə bu titul uğrunda keçirilən matçda uduzublar. “Sevilya” da rəqibi kimi yalnız 1 dəfə ali mükafata yiyələnib. Lakin “Bavariya”dan fərqli olaraq bu qarşılaşmalarda 3 dəfə deyil, 4 dəfə məğlub olub.
Superkubok uğrunda oyundan əvvəl komandaların baş məşqçiləri jurnalistlərin suallarını cavablandırıblar. “Bavariya”ya rəhbərlik edən Hans Diter Flik rəqibin gücündən danışsa da, qələbə qazanmaq iqtidarında olduqlarını deyib: “Əla komandaya qarşı oynayacağıq. Buna baxmayaraq qələbə qazanmaq üçün hər cür imkanımız var. Yulen Lopeteginin “Sevilya”da işini yüksək qiymətləndirirəm. Rəqibimiz görüş ərzində müxtəlif üslublarda çıxış edə bilir. Ona görə də bizi çətin qarşılaşma gözləyir. Maraqlı mübarizə olacağını düşünürəm. Əminəm ki, futbolçular vəzifələrini lazımi səviyyədə icra edib kuboku qazanacaqlar”.
Yulen Lopetegi isə “Bavariya” ilə oyunun xüsusiliyini vurğulayıb: “Bavariya” ilə görüşü yeni çağırış kimi qiymətləndirirəm. Onlarla oyunda uğur qazanmaq niyyətindəyiksə, bütün üstün keyfiyyətlərimizi nümayiş etdirməliyik. Əks halda hər hansı nəticədən danışmaq sadəlövhlük olardı. Son illərə nəzər yetirsək, indiki “Bavariya” Avropanın hər mənada ən güclüsüdür. Bu, bizi daha da həvəsləndirir. İnanıram ki, rəqibimizə layiqli müqavimət göstərəcəyik.
Budapeştdə keçirilən oyun Bakı vaxtilə saat 23-də başlanacaq. “Puşkaş Arena”dakı görüşü ingiltərəli Entoni Teylor idarə edəcək.

CANLI YAYIM