"Qalatasaray" mərhələdə adladı, "Beşiktaş"la "Alanyaspor" dayandı

25 Sentyabr, 13:15 Sosial mediada paylaşın:
2-ci təsnifat mərhələsində ölkə təmsilçimiz “Neftçi”ni mübarizədən kənarlaşdıran “Qalatasaray” növbəti turda Xorvatiyanın “Hayduk” klubu ilə üz-üzə gəlib. Görüşə hər iki tərəf qarşılıqlı hücumlarla başlasa da, fasiləyədək hesab açılmayıb. İkinci hissədə üstünlüyü ələ alan “sarı-qırmızılar” 77-ci dəqiqədə istəklərinə nail olublar. Emre Taşdemirin ötürməsindən sonra Yunes Belhanda topu birbaşa qapıya yollayıb. Qonaqlar özünə gəlməmiş 9 dəqiqə sonra 2-ci topu qapısında görüb. Rayan Babel yekun nəticəni müəyyənləşdirən qolun müəllifi olub. “Qalatasaray” – “Hayduk” 2:0. Beləliklə, İstanbul təmsilçisi UEFA Avropa Liqasının pley-off turuna yüksəlib. Onun həmin mərhələdəki rəqibi “Villem” klubunu mübarizədən kənarlaşdıran, Şotlandiya təmsilçisi “Reyncers” olacaq.
“Beşiktaş” isə 3-cü təsnifat mərhələsində Portuqaliyanın “Riu Ave” futbolçuları ilə qarşılaşıb. Hesabı 15-ci dəqiqədə meydan sahibləri açıblar. Necip Uysalın qapıönünə ötürməsindən sonra Güven Yalçın topu başla qapıdan keçirib. Qonaqların hesabı bərabərləşdirmək cəhdləri ikinci hissəyə təsadüf edib. Onlar, əsas vaxtın yekunlaşmasına 5 dəqiqə qalmış məğlubiyyətdən xilas olublar. Brunu Moreyra komandasını ümidləndirib. 1:1. Əlavə olunan yarım saat ərzində hər iki tərəfin səyləri nəticəsiz qalıb və beləcə qalibi müəyyənləşdirmək üçün penaltilər seriyası oynanılıb. “Beşiktaş” Velinton Souza və Kayl Larinin uğursuz penaltiləri sayəsində turnirlə vidalaşıb.
Norveç təmsilçisi “Rusenborq” ilə görüşən “Alanyaspor” mübarizəyə daha yaxşı başlayıb. Lakin komandanın sürətli hücumları qolla nəticələnməyib. Əvəzində Alanyalılar saatın tamamında qapılarında qol görüblər. Anders Konradsen fərqlənib. Lakin Konradsen 7 dəqiqə sonra kobud oyuna görə ikinci dəfə sarı vərəqə ilə cəzalandırılaraq, meydandan çıxarılıb. “Alanyaspor” say üstünlüyündən istifadə edə bilməyib. Hətta ikinci hissəyə artırılan 3-cü dəqiqədə “Alanyaspor”un futbolçusu Kuma Babakar da qırmızı vərəqə alaraq oyundan uzaqlaşdırılıb. Beləliklə, Super Liqa təmsilçisi qitə turnirində mərhələ adlaya bilməyib. “Rusenborq” – “Alanyaspor” 1:0.

CANLI YAYIM