Koronavirus Avropa basketbolunu çətin vəziyyətə salıb

5 Oktyabr, 10:22 Sosial mediada paylaşın:
Avropada koronavirusun ikinci dalğası yaşanır. Bu isə qitənin basketbol həyatına yetərincə böyük zərbə vurur. Artıq Avropanın aparıcı ölkələrinin klublarında koronavirusa yoluxma halları günbəgün artır.
Avropanın aparıcı basketbol çempionatlarında yeni mövsüm start götürsə də, koronavirusun ikinci dalğası komandaların planlarını alt-üst edir. Bu mənada İspaniya və Rusiyada vəziyyət daha acınacaqlı həddə çatıb. Belə ki, Avroliqanın aparıcı klublarından olan ÇSKA-nın 10 basketbolçusu koronavirusa yoluxub. Özü də bu oyunçulardan 3-ü Moskva klubunun əsas heyətinin üzvüdür. Söhbət Semyon Antonov, Nikola Milutinov və Yanis Strelnieksdən gedir. Eyni problemdən ÇSKA-nın əzəli rəqiblərindən olan “Ximki” də əziyyət çəkir. Rusiya mətbuatının yazdığına görə, Moskva ətrafı şəhərciyin komandasında Yannis Timma, Yevgeni Voronov və Cordan Mikkinin COVİD 19 testi müsbət nəticələnib.
Amma Rusiyada vəziyyət acınacaqlı həddə çatsa, VTB Liqasının oyunları davam edir. İspaniyada isə belə hallara görə çempionat oyunları dayandırılır. Artıq ACB Liqasında “Real”ın “Qran Kanariya” ilə oyunu təxirə salınıb. Buna səbəb “Qran Kanariya”nın üzvlərindən birinin koronavirusa yoluxmasıdır. Elə “Barselona” ilə “Gipuskoa” arasında oyun da eyni səbəbdən başqa tarixə keçirilib. Məsələ ondadır ki, 2 gün öncə “Barselona”nın baş məşqçisi Şarunas Yasikyaviçyus və onun köməkçisi Darius Maskolyunas koronavirusa yoluxmuşdu.

CANLI YAYIM