Debütantlar qalib gələ bilmədi

20 Oktyabr, 14:22 Sosial mediada paylaşın:
İngiltərə premyer liqasında 5-ci tur başa çatıb. İlk turda çempion “Liverpul”a uduzandan sonra məğlub olmayan debütant “Lids” “Elland Roud”da “Vuvlerhempton”u qəbul edib. İlk hissədə komandaların bütün səyinə baxmayaraq hesab açılmayıb. Fasilədən sonra isə qonaqlar təşəbbüsə yiyələniblər. Hücumlardan biri 53-cü dəqiqədə bəhrəsini verib. “Vulverhempton”un heyətində Romen Sais fərqlənsə də, onun vurduğu qol videotəkrara baxılandan sonra ofsayda görə ləğv edilib. Ancaq bu uğursuzluğa baxmayaraq “canavarlar” 70-ci dəqiqədə istəylərinə çatıblar. Raul Ximenesin zərbəsindən sonra “Lids”in yarımmüdafiəçisi Kalvin Filipsə də dəyən top qapıya daxil olub. Bu qol həm də matçın taleyini həll edib. Beləliklə “Vulverhempton” səfərdə minimal hesabla qələbə qazanıb. Nunu Eşpiritu Santunun komandası hazırda yarış cədvəlində 9 xalla 6-cıdır. “Lids” isə 7 xalla 10-cu pillədədir.
Yeni mövsümdə qələbə qazana bilməyən komandaların görüşündə isə daha bir debütant “Vest Bromviç” öz meydanında “Börnli” ilə qarşılaşıb. Gərgin mübarizənin yekununda hesab açılmayıb. Hər 2 kollektiv hazırda turnir cədvəlinin aşağı pilləsindədir. “Vest Bromviç” 2 xalla 17-ci, yalnız 1 xalı olan “Börnli” isə 18-ci yerdədir. 5 turdan 13 xal toplayan zirvədədir. “Aston Villa” 12 xalla 2-ci, “Liverpul” 10 xalla 3-cüdür.

CANLI YAYIM