"Real" 34 il əvvəlki antirekordu təkrarladı

22 Oktyabr, 11:34 Sosial mediada paylaşın:
UEFA Çempionlar liqasında qrup mərhələsinin ilk oyunları yekunlaşıb.
A qrupunda “Bavariya” Madrid “Atletiko”sunun qapısından 4 cavabsız top keçirib. Hesabı 28-ci dəqiqədə Kinqli Koman açıb. 41-ci dəqiqədə Leon Qoretska münhenlilərin 2-ci qolunun müəllifi olub. Digər 2 qol isə fasilədən sonra vurulub. Əvvəlcə 66-cı dəqiqədə Korenten Tolissonun mükəmməl zərbəsindən sonra fərq 3 topa çatıb. 72-ci dəqiqədə isə Kinqli Koman fərdi reydini dəqiq zərbəylə tamamlayaraq mübarizəyə nöqtə qoyub. “Bavariya” – “Atletiko” 4:0 .
Qrupun digər matçında “Zaltsburq” Moskva “Lokomotiv”in qəbul edib. Bu matçda da 4 qol vurulub. Lakin qalib müəyyənləşməyib. 19-cu dəqiqədə Rusiya klubu hesabı açıb. Ancaq meydan sahibləri fasiləyə kimi tarazlığı bərpa ediblər. Dominik Soboslayın zərbəsi qarşısıalınmaz olub. 2-ci yarının əvvəlində Avstriya klubu önə keçib. Zlatko Yunuzoviçin zərbəsindən sonra rəqib futbolçulara da dəyən top qapıya daxil olub. Amma “Zaltsburq” sərfəli hesabı sonadək qoruya bilməyib. 75-ci dəqiqədə Vasili Lisakoviçin zərbəsindən sonra qapıçı Stankoviç topu qapı xəttindən çıxara bilməyib. Bu qol həm də yekun nəticəni müəyyənləşdirib:  “Zaltsburq” – “Lokomotiv” 2:2
B qrupunda isə “Real”ın məğlubiyyəti gözlənilməz olub. “Kral klubu” öz meydanında Donetsk “Şaxtyoru” ilə bacarmayıb. Ukrayna klubu artıq ilk hissədə rəqibi 3 dəfə cəzalandırıb. 29-cu dəqiqədə Tete fərqlənib. 4 dəqiqə sonra Rafael Varan avtoqol müəllifi olub. İlk hissənin tamamına 3 dəqiqə qalmış Manor Solomon fərqi bir qədər də artırıb. Madrid futbolçuları fasilədən sonra toplardan 2-nin əvəzini çıxıblar. 54-cü dəqiqədə Luka Modriç, 5 dəqiqə sonra isə Vinisius Junior “Real”ın qələbə ümidlərini qoruyub. Lakin meydan sahibləri bundan artığına nail ola bilməyiblər. Beləliklə “Şaxtyor” 3:2 hesabilə qələbə qazanıb. Qeyd edək ki, bu, Madrid klubunun UEFA Çempionlar liqasında ardıcıl 3-cü məğlubiyyəti olub. “Kral klubu” sonuncu  dəfə 1986-cı bu cür antirekordla yadda qalmışdı.
B qrupunun digər oyununda “İnter” və “Borussiya” Mönhenqladbax komandaları qarşılaşıb. Görüşdə yaddaqalan hadisələrin hamısı 2-ci hissədə baş verib. 49-cu dəqiqədə Romelu Lukaku “Neradzurriyə” üstünlük qazandırsa da, 63-cü dəqiqədə Rami Bensebaini penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Vaxtın tamamına az qalmış daha 2 qol vurulub. Yonas Hofman qonaqların qələbə imkanlarını artırsa da, Son dəqiqədə Lukaku dubl edərək “İnter”i məğlubiyyətdən xilas edib. Beləliklə Matç 2:2 hesabilə başa çatıb.

CANLI YAYIM