"Liverpul"a Amsterdamda bir qol kifayət edib

22 Oktyabr, 12:39 Sosial mediada paylaşın:
Çempionlar Liqasında C və D qruplarında da ilk oyunlar keçirilib.
C qrupunda “Mançester Siti” “Portu”nu qəbul edib. İlk qol 14-cü dəqiqəyə təsadüf edib. Portuqaliya klubunun heyətində Luis Fernandes Dias özünün kəskinləşdirdiyi hücumu qolla tamamlayıb. Amma çox keçmədən tarazlıq bərpa olunub. Serxio Aquero qonaqların qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib. “Şəhərlilər” fasilədən sonra daha 2 qol vuraraq qələbəni təmin ediblər. İlkay Gündoğan 65, Ferran Torres 73-cü dəqiqədə rəqibi cəzalandırıb.
C qrupunun “Olimpiakos” – “Olimpik” Marsel matçında isə yalnız 1 qol olub. Yunanıstan klubu 2-ci hissəyə artırılan ilk dəqiqə vurulan qol sayəsində qalib gəlib. “Koka” ləqəbli misirli futbolçu Ahmed Hasan “Olimpiakos”a qələbə qazandırıb.
D qrupunda “Ayaks” – “Liverpul” görüşü diqqət mərkəzində olub. 35-ci dəqiqədə Amsterdam klubunun heyətində Nikolas Talyafiko avtoqol müəllifi olub. Qalan vaxtda meydan sahiblərinin bütün cəhdlərinə baxmayaraq hesabı dəyişmək mümkün olmayıb. Beləcə “qırmızılar” Çempionlar Liqasında yeni mövsümə qələbəylə başlayıblar.
“Atalanta” isə Danimarka səfərində “Mityulland”ı meydana çıxmağa peşman edib. Berqamo klubu artıq ilk hissədə rəqibin qapısına 3 dəfə yol tapıb. 26-cı dəqiqədə Duvan Sapata, 10 dəqiqə sonra Alexandro Qomes, fasiləyə 3 dəqiqə qalmış isə Luis Muryel “Mityulland”ı cəzalandırıb. Matçda sonuncu qol 89-cu dəqiqədə vurulub. “Atalanta”nın heyətində meydana sonradan daxil olaraq debüt edən Aleksey Mirançuk yeni komandasında qol hesabını açıb.

CANLI YAYIM