Azərbaycan güləşçisi fərdi dünya kuboku yarışlarının finalına vəsiqə qazanıb

13 Dekabr, 11:15 Sosial mediada paylaşın:
Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışları davam edir.
İlk yarış günündə 55, 67, 72, 77 və 87 kiloqram çəki dərəsində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparırlar.
Eldəniz Əzizli (55 kq) ilk görüşdə yerli güləşçiyə cəmi 1 dəqiqə 40 saniyəyə qalib gəlib. Təcrübəli güləşçimiz növbəti görüşdə Rusiya idmançısına uduzub. Rusiyalı güləşçi finala yüksəldiyi üçün E.Əzizli dekabrın 13-də təsəlliverici görüşə çıxacaq.
Millimizin üzvü İslambek Dadov (67 kq) təsnifat mərhələsində İtaliya təmsilçisini cəmi 29 saniyəyə xalçadan məyus yola salıb. Peru güləşçisini də vaxtından əvvəl üstələyən yığmamızın üzvü adını dörddəbir finala yazdırıb. Bu mərhələdə prinsipial görüşə çıxan güləşçimiz Ermənistan təmsilçisinə qalib gələrək yarımfinala adlayıb. Ukraynalı idmançıya da gücünü göstərən İ.Dadov turnirin finalına vəsiqə qazanıb. Həlledici görüşdə güləşçimizin rəqibi Rusiya təmsilçisi olacaq.
Digər güləşçilərimiz Ülvü Qənizadə (72 kq) debütdə Fransa, Sənan Süleymanov (77 kq) Almaniya, İslam Abbasov (87 kq) isə Əlcəzair güləşçisinə məğlub olub.
Qeyd edək ki, bu çəkilərdə medallar uğrunda qarşılaşmalar dekabrın 13-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

CANLI YAYIM