Dünya kubokunda növbəti medal

17 Dekabr, 11:50 Sosial mediada paylaşın:
Serbiyanın paytaxtı Belqradda güləşçilərin fərdi dünya kuboku yarışı davam edir. Qadın güləşçilərimizdən 65 kq çəki dərəcəsində mübarizə aparan Elis Manolova yarışa 1/4 finaldan start verib. O, Moldova təmsilçisinə uduzub. Rəqib finaladək irəliləyib. Bu isə Elisə bürünc medal uğrunda mübarizə aparmaq şansı yaradıb. Türkiyə güləşçisini üstələyən Elis fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
57 kq çəki dərəcəsində yarışan Alyona Kolesnik isə ilk görüşdə hindistanlı güləşçiyə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Kolesnik təsəlliverici görüşə çıxıb və alman həmkarına qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Həlledici görüşdə sonuncu xal prinsipinə əsasən məğlub olan idmançımız 5-ci olub.
92 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Hacımurad Məhəmmədsəidov debütdə serbiyalı pəhləvanı elə ilk hissədə xalçadan məyus yola salıb. Daha sonra ispan rəqibinə qalib gələn yığmamızın üzvü yarımfinala yüksəlib. Finalın bir addımlığında Moldova güləşçisiylə gərgin mübarizə şəraitində keçən görüşdə xalların keyfiyyətinə görə məğlub olan Hacımurad bu gün bürünc medal üçün xalçaya çıxacaq.

CANLI YAYIM