Binotto "Ferrari"nin hədəflərindən danışıb

20 Dekabr, 12:20 Sosial mediada paylaşın:
Formula 1-də başa çatan mövsümün ən diqqət çəkən məqamlarından biri “Ferrari”nin uğursuzluğu oldu. Son illər İtaliya komandası çempion ola bilməsə də, heç olmasa “Mersedes” və “Red Bull”a ciddi müqavimət göstərirdi. Başa çatan mövsümdə heç bunun da şahidi də olmadıq. Bəs görəsən, “qırmızılar”ın növbəti il hədəfi nədən ibarət olacaq? Bu barədə növbəti süjetimizdə…“Ferrari”nin rəhbəri Mattia Binotto növbəti mövsüm komandasının planlarından danışıb. İtaliyalı funksioner ən azı 3-cü yer uğrunda mübarizə aparacaqlarını söyləyib: “Hələ ilin əvvəlində keçirilən test yarışlarında bolidimizin sürətli olmadığını görürdük. Amma vəziyyətin bu dərəcədə faciəvi olacağını düşünmürdük. Son 40 ilin ən zəif göstəricisi ilə yadda qaldıq. Fanatlarımız bizi belə görməyə öyrəşməyib. 2021-ci ildə hədəfimiz ən azı 3-cü yeri tutmaq olacaq. Bu il özünü yaxşı tərəfdən göstərən komandalar növbəti mövsüm də güclü olacaq. “Mersedes” və “Red Bull”la əməkdaşlıq etdiyinə görə “Reysinq Point” və “Alfa Tauri” üstünlüyə malikdir. “Maklaren” də artıq “Mersedes” mühərriklərinə keçir. Bizə isə eyni səviyyədə mübarizə aparan və müntəzəm olaraq xallar qazanan pilotlar lazımdır. Təkcə “Ferrari” adı bizi uğura daşıya bilməz”. Xatırladaq ki, Sebastyan Fettel mövsüm başa çatdıqdan sonra “Ferrari”ni tərk edib. Bu il “Maklaren”də çıxış edən Karlos Sayns növbəti mövsüm Şarl Leklerlə birgə İtaliya komandasının uğurları üçün çalışacaq.

CANLI YAYIM