"San Antonio" iki aparıcı basketbolçusundan imtina etmək istəyir

21 Dekabr, 12:00 Sosial mediada paylaşın:
Tim Dankan, Manu Jinobili və Toni Parkerin dövründə MBA-nın ən iddialı komandalarından biri olan “San Antonio Spörz” hazırda imkanlarından aşağı səviyyədə çıxış edir. Bu komandaya cəlb olunan yeni ulduz oyunçular baş məşqçi Qreqq Popoviçin tələblərinə cavab vermir. Məhz buna görə də rəhbərlik heyətə əl gəzdirməyə məcbur olur...
“San Antonio Spörz” rəhbərliyi komandanın iki aparıcı basketbolçusu Demar DeRozanla Lamarkus Oldrici heyətdən kənarlaşdırmağa hazırlaşır. ABŞ mətbuatının məlumatına görə, Texas klubu gələn ilin martına qədər bu iki oyunçunu başqa komandanın basketbolçuları ilə dəyişmək istəyir. Məsələ ondadır ki, yüksək məvacib alan bu basketbolçular komandanın tələblərinə cavab verə bilmir. Onları heyətdən kənarlaşdırmaqla “Spörz” müyyən qədər büdcəsinə qənaət etmək istəyir. Müqaviləyə əsasən, növbəti il DeRozan 27,7 milyon, Oldric isə 24 milyon dollar məvacib almalıdır.
Xatırladaq ki, DeRozan ötən mövsüm keçirdiyi 68 oyunda orta hesabla 22,1 xal, Oldric isə 53 oyuna 18,9 xal toplamışdı. Buna baxmayaraq, texaslılar 1997-ci ildən sonra ilk dəfə pley-offdan kənarda qalmışdı.

CANLI YAYIM