Hansı pilot komandasına daha çox zərbə vurub?

30 Dekabr, 16:22 Sosial mediada paylaşın:
Formula 1-də başa çatan mövsüm müxtəlif hadisələrlə yadda qaldı. Bu mənada Lüis Hemiltonun 7-ci dəfə çempion olub Mixael Şumaxerin rekordunu təzələməsini xüsusi qabartmaq olar. Amma mövsüm xoşagəlməz qəzaları ilə də yadda qaldı…
Niderlandın “Formula 1” nəşri Formula 1-də mövsümün qəzaları ilə bağlı hesablama aparıb. Araşdırma nəticəsində bu mövsüm komandasına ən çox ziyan vuran pilotun adı müyyənləşib. Bəhreyn Qran-prisində dəhşətli qəzaya uğrayan və demək olar ki, möcüzə nəticəsində sağ qalan “Haas” pilotu Romeyn Qrojan ön plana çıxıb. Təkcə həmin qəza “Haas”ı 3,75 milyon dollar dəyərində ziyana salıb. Fransalı pilotun digər qəzalarını da nəzərə alsaq, o, başa çatan mövsümdə “Haas”a 4,2 milyon dollar ziyan vurub. Qrojandan sonra daha çox komandasına zərər yetirən pilotb Aleksandr Albon olub. Komanda yoldaşı Maks Ferstappendən xeyli geridə qalan tailandlı pilot “Red Bull”a zərbə vurmaqla ön plana çıxıb. Onun qəzaları bu mövsüm “Red Bull”a 2,2 milyon dollara başa gəlib. 3-cü pilləni 1,9 milyon dollarla “Reysinq Point” pilotu Lens Stroll tutub. Ən məşhur pilotların göstəricilərinə gəlincə, 1,1 milyon dollarla “Red Bull” pilotu Maks Ferstappen 6-cı, 995 min dollarla “Ferrari” pilotu Şarl Lekler 9-cu, onun komanda yoldaşı Sebastyan Fettel isə 800 min dollarla 14-cü pillədə qərarlaşıb. Siyahını son çempion Lüis Hemilton qapayıb. Bu mövsüm 7-ci dəfə Formula 1 çempionu olan Lüis Hemilton 20-ci yeri tutub. Britaniyalı pilot bu il “Mersedes”ə 260 min dollar zərər vurub.

CANLI YAYIM