FIA prezidenti Şumaxerlə Hemiltonu müqayisə etdi

31 Dekabr, 11:30 Sosial mediada paylaşın:
Yola saldığımız il idman tarixində əlamətdar bir rekordun təkrarlanması ilə yadda qaldı. Söhbət Formula 1-də “Mersedes” pilotu Lüis Hemiltonun 7 qat dünya çempionluğunu qazanaraq adını  Mixael Şumaxerlə yanaşı yazdırmasından gedir. Təbii ki, britaniyalının bu göstərici ilə yadda qalmasından sonra avtoidman ictimaiyyəti onu dahi almaniyalı pilotu ilə müqayisə etməli idi.
Formula 1-də 7-ci çempionluğunu qazanaraq Mixael Şumaxerin rekordunu təkrarlayan Lüis Hemilton bu ilin əsas qəhrəmanlarından biridir. Onun sabiq “Ferrari” pilotu ilə müqayisə olunması artıq Formula 1 həvəskarları üçün sevimli məşğuliyyətə çevrilib. Bu iki pilotu müqayisə edənlərdən biri də FİA prezidenti Jan Todtdur. Vaxtı ilə “Ferrari”yə rəhbərlik edən avtoidman funksioneri mətbuata açıqlamasında bu pilotları qiyabi şəkildə üzləşdirib: “Təbii ki, biz iki fərqli şəxsiyyətdən və fərqli dövrdən danışırıq. İndiki məqamda yalnız 7 titulu 7 titulla müqayisə edə bilərik.  Bir tərəfdə istedadlı pilotu olan əla təşkilatlanmış Almaniya komandası qərarlaşıbsa, digər tərəfdə Mixael Şumaxer kimi dahi pilotu olan fərqli təfəkürə malik İtaliya komandası yer alıb.
Amma sizi əmin edirəm ki, “Ferrari” və Şumaxerlə müqayisədə “Mersedes”lə Lüisin hegemonluğu daha aşkar görünür. Almanların bolidi daha etibarlıdır. Hemilton demək olar ki, hər Qran-pridə xal qazandı. Bu sadəcə, möhtəşəm göstəricidir”.
Xatırladaq ki, britaniyalı pilot Lüis Hemilton “Maklaren”lə bir dəfə çempion olduqdan sonra 2013-cü ildə “Mersedes”ə keçib və bu komanda ilə 6 dəfə mövsümü qalib başa vurub.

CANLI YAYIM