"Dakar" rallisində naviqasiya ilə bağlı problem yaranıb

11 Yanvar, 12:00 Sosial mediada paylaşın:
Avtoidman həvəskarları hər il keçirilən “Dakar” rallisini maraqla izləyir. Amma son vaxtlar yarışla bağlı müəyyən narazılıqlar qeydə alınır. Pilotlar naviqasiya sistemindən şikayətçidir...
“Dakar” rallisinin 3 qat qalibi Karlos Sayns bu il Səudiyyə Ərəbistanında keçirilən yarışdan narazı qalıb. Məşhur pilot naviqasiya sistemi ilə bağlı problemdən şikayətlənib: “Özümü çox pis hiss edirəm. Biz sanki ralli-reyd yarışında qüvvəmizi sınamırıq. Bu günə qədər 14 dəfə “Dakar” yarışında iştirak etmişəm, amma heç vaxt belə problemlə üzləşməmişəm. Mən yolu itirdiyimdən yarımsaat səhranın ortasında qalmışam. Özü də bu hal iki dəfə təkrarlanıb. Bu, “Dakar” deyil. Buna ralli demirlər. Biz sanki lotereya oynayırıq”.
Yeri gəlmişkən, ralli üzrə 9 qat dünya çempionu Sebastyan Löb də Saynsa dəstək olub. O, ekipaj üzvlərinin yolu tapmaqda çətinlik çəkdiyini söyləyib: “Doğru olan istiqaməti tapmaq çətindir. Yolları görmək mümkün deyil. İzlər pilotları başqa yerlərə gətirib çıxarır. Azdıqdan sonra isə vəziyyətdən çıxış yolu tapmaq olmur. Cənubi Amerikada keçirilən “Dakar” rallisində belə problem olmurdu. Bir pilot kimi nəticə verə bilmirəm. Mənə nə deyirlər onu da edirəm. Bu pilotların yox, şturmanların yarışıdır”.

CANLI YAYIM