20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş respublika şahmat turniri keçiriləcək

14 Yanvar, 15:44 Sosial mediada paylaşın:
Yanvarın 19-da “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş onlayn formatda respublika şahmat turniri keçiriləcək.
Yarış İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Oyuna nəzarət vaxtı 3 dəqiqə, hər gedişə +1 saniyədir. Turnirdə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq gənclər idman şahmat məktəblərinin və şahmat klublarının 17 yaşadək (2004-cü il təvəllüdlü və daha kiçik yaşlı) idmançıları iştirak edə bilərlər.
Respublika şahmat turnirində ümumi hesabda ilk 3 yeri tutmuş oğlan və qız şahmatçılar “Təhsil” RİM-in müvafiq dərəcəli diplomları ilə təltif olunacaqlar. Bundan əlavə 7, 9, 11, 13, 15, 17 yaşadək oğlanlar və qızlar arasında ilk 3 yeri tutmuş şahmatçılar da müvafiq dərəcəli diplomlarla mükafatlandırılacaqlar.
Yarışın keçirilməsində əsas məqsəd 20 Yanvar şəhidlərinin əziz xatirəsinin yad edilməsi, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sürətli şahmat üzrə qaliblərin müəyyənləşdirilməsi və müasir texnologiyalardan istifadə etməklə onların oyun təcrübələrinin artırılmasıdır.

CANLI YAYIM