Mançester klubları qələbə qazanıb

21 Yanvar, 13:13 Sosial mediada paylaşın:
İngiltərə premyer liqasında 18-ci turdan təxirə salınmış matçda “Mançester Yunayted” səfərdə autsayder “Fulhem”lə görüşüb. Qarşılaşma qonaqlar üçün heç də yaxşı başlamayıb. Artıq 5-ci dəqiqədə london futbolçuları önə çıxıblar. Ademola Lukman uzaq küncü dəqiq nişan alıb. Amma “qırmızı şeytanlar” fasiləyə kimi hesabı bərabərləşdiriblər. Edinson Kavani qapıçı Alfons Areolyanın uğursuz toxunuşundan sonra yaranan fürsəti qaçırmayıb. İlk hissə 1:1 hesabilə başa çatıb. Fasilədən sonra Mançester futbolçuları irəli keçiblər. 65-ci dəqiqədə Pol Poqba gözəl qolun müəllifi olub. “Fulhem” qalan vaxtda minimal fərqi aradan qaldıra bilməyib. Beləliklə “Mançester Yunayted” 2:1 hesabı ilə qələbə qazanıb. 
Mançesterin digər komandası “Siti” isə mövsümün sürpriz kollektivlərindən “Aston Villa”nı qəbul edib. Bu görüşün ilk yarıasında qol vurulmayıb. Hesab 79-cu dəqiqədə açılıb. Bernardu Silvanın zərbəsi qarşısıalınmaz olub. Az sonra Aston Villanln baş məşqçisi Din Smit kəskin etirazlara görə texniki zonadan uzaqlaşdırılıb. “Mançester Siti” vaxtın tamamında daha bir qol vurub. İlkay Gündoğan penaltini dəqiq yerinə yetirərək yekun nəticəni müəyyənlışdirib. Mançester Siti - Aston Villa 2:0
Hazırda Mançester klubları yarış cədvəlində ön sıralarda gedirlər. “Yunayted” 40 xalla liderdir. 2 xal az toplayan “Siti” isə 38 xalla 2-ci pillədədir. Eyni miqdarda xal toplayan “Lester” ilk 3-lüyü tamamlayır. 

CANLI YAYIM