Azərbaycan Kubokunda 1/4 finalçılar müəyyənləşib

26 Yanvar, 11:48 Sosial mediada paylaşın:
Futbol üzrə Azərbaycan kubokunda 1/8 final yekunlaşıb. Artıq bütün turnirində ¼ finalçılar müəyyənləşib. “Qəbələ” və “Zirə” gözlənildiyi kimi qalib gəlsə də, “Sabah” komandası azarkeşlərini məyus edib.
“Turan Tovuz” komandası “Qəbələ”ni qəbul edib. Görüşün favoriti olan qonaqlar sürprizə imkan verməyiblər. Onlar ilk hissədə vurduqları 2 cavabsız qolla qələbə qazanıblar. Hesabı Stefan Vukçeviç açıb. 1-ci hissənin sonunda meydan sahibləri 2-ci dəfə məyus olublar. Ceyms Adeniyi matçda son nöqtəni qoyub. Beləliklə 2:0 hesablı qələbə qazanan “Qəbələ” ¼ finala adlayıb. Bu mərhələdə komandanın rəqibi “Qarabağ”dır.  
 
Günün sensasiyası “Sabah” futbolçularının “Kəpəz”ə uduzması olub. Hərçənd ki, hesabı meydan sahibləri açıblar. Fasilə ərəfəsində Filip İvanoviç fərqlənib. 2-ci hissədə “Kəpəz” futbolçuları əzmkarlıq göstəriblər. Əvvəlcə Samir Qurbanov tarazlığı bərpa edib. 84-cü dəqiqədə isə əli səmədov rəqibin müdafiə xəttini təkbaşına yararaq komandasının qələbə qolunu vurub. ¼ finalda “Kəpəz” klubu “Keşlə” ilə üz-üzə gələcək.
 
Günün digər matçında isə “Zirə” futbolçuları səfərdə “Qaradağ Lökbatan” komandası ilə qarşılaşıblar. Premyer Lqia təmsilçisi ilk hissədə rəqib qapısından 4 cavabsız top keçirib. Nemanya Andelkoviç və Musa Qurbanlı hərəyə bir dəfə fərqləndiyi halda,  Davit Volkov dubl edib. İkinci yarıda qol olmayıb. Böyük hesabla qalib gələn “Zirə”  “Neftçi” ilə qarşılaşacaq. Xatırladaq ki, ¼ finalın digər cütü  “Səbail” – “Sumqayıt” oyunudur.

CANLI YAYIM