"Dedlayn"dan sonra yadda qalanlar...

30 Mart, 17:33 Sosial mediada paylaşın:
MBA-da dedlayn həftəsi başa çatdı. Doğrudur, mövsümün gedişində belə vaxtlarda qeydə alınan keçidlər çox vaxt çempionluq uğrunda mübarizəyə ciddi təsir göstərmir. Amma istənilən halda bəzi keçidlər hansısa komandanın iddiasının daha da artmasına təsir  edir.
Bu mənada son bir neçə gündə qeydə alınan keçidlər də istisna təşkil etmədi. Hər halda, bu mövsüm çempionluq yarışında əsas favorit kimi dəyərləndirilən “Bruklin Nets”in “San Antonio”dan ayrılacağı gözlənilən Lamarkus Oldrici heyətinə qatmasını xüsusi vurğulamalıyıq. Bir neçə gün öncə Bleyk Qriffini transfer edən “Nets”in bununla kifayətlənməməsi komandanın iddiasından xəbər verir. Çempionluq uğrunda mübarizədə “Bruklin”in əsas rəqibi olan “Los Anceles Leykers”də proseslərdən kənarda qalmayıb.  Bəlkə də Lebron Ceymsin təsiri ilə Kaliforniya klubu “Klivlend”dən  Andre Drammondun keçidini həll edib. Doğrudur, “Leykers”in çempion olması üçün Drammondun bundan sonra meydanda görəcəyi iş kifayət etməyəcək. Hər halda “Bruklin” potensialı hər nə qədər Kevin Dürant və Ceyms Hardenin necə çıxış edəcəyindən asılıdırsa, “Leykers” də Lebron Ceyms və Entoni Devisin belə desək məharətinə ümid edir. “Leykers”dən söz düşmüşkən, ötən mövsüm bu komandanın heyətində MBA çempionu olan Recon Rondo da dedlayna rəng qatan oyunçulardan oldu.  Los  Anceles klubunu tərk etdikdən sonra “Atlanta”ya keçən 35 yaşlı oyun qurucusu bu hadisənin üstündən haradasa 6 ay ötəndən sonra yenidən çempion olduğu şəhərə qayıdıb. Təbii ki, yenidən “Leykers”də oynamağa yox, bu komandanın əzəli rəqibi “Klippers”in şərəfini qorumağa. Yeri gəlmişkən,  Lui Uilyams da əks marştrutla “Atlanta Hoks”a yollanıb. Sonda dedlaynın son günlərində “Orlando”nun mərkəz oyunçusu Nikola Vuçeviçin “Çikaqo”ya keçdiyini də diqqətinizə çatdıraq. Serbiyalı basketbolçu ilə yanaşı Əl Faruk Aminu da “öküzlər”in heyətinə qoşulub.  Əvəzində “Orlando” Otto Porter, Uendall Karter və ilk raundda iki draft hüququnu ələ keçirib.

CANLI YAYIM