"Sakramento Kinqs" məvacibləri bitkoinlə ödəyəcək

7 Aprel, 17:30 Sosial mediada paylaşın:
Dünya iqtisadiyyatı inkişaf etdikcə, maliyyə sektorunda müəyyən dəyişikliklər baş verir. Artıq kağız pullar öz yerini virtual valyutaya verir. Bu proses idman sektoruna da təsir edir.
Rəqəmsal valyuta  artıq bütün dünyada kütləviləşməyə başlayıb. Dünyanın bəzi aparıcı şirkətləri  maliyyə əməliyyatlarını məhz bitkoinlə həyata keçirir və yaxud bu haqda planlar qurur. Reallıq onu göstərir ki, gələcəkdə böyük idman klubları da bu vasitədən yararlanacaq. Artıq bu istiqamətdə ilk addımı atan komandalar da var.  Onlardan biri MBA-da çıxış edən “Sakramento Kinqs”dir. Amerika mətbuatının yazdığına görə, Kaliforniya klubu virtual valyuta ilə basketbolçulara məvacib ödəyən ilk idman klubu kimi tarixə düşə bilər. “Sakramento Kinqs”in sahibi Vivek Ranadive açıqlamasında  personal da daxil olmaqla klubun bütün üzvlərinə maaşların bitkoinlə ödəniləcəyini bildirib. Lakin funksioner yeniliyin nə vaxt tətbiq olunacağı barədə heç nə deməyib.
Xatırladaq ki, Kaliforniya klubu 2014-cü ildən bitkoindən istifadə etməyə başlayıb. Klub hətta məhdud sayda bilet satışlarını da virtual valyuta ilə həyata keçirib. 2019-cu ildən azarkeşlər arasında keçirilən şou xarakterli müsabiqələrdə belə uduşlar bitkoinlə ödənilib. Yeri gəlmişkən, bitkoindən Avropanın futbol klubları da yararlanmaq fikrindədir. Hətta Kiyev “Dinamo”su da bu valyutadan istifadə etməyə hazırlaşır.

CANLI YAYIM