MBA klubları Ergin Atamanla maraqlanır

12 Aprel, 11:43 Sosial mediada paylaşın:
Son bir neçə mövsümdə Avroliqada “Anadolu Efes”in uğurlu çıxışı təkcə Türkiyə yox, Avropa basketbolunda böyük əks-sədaya səbəb olub. İstanbul klubunun baş məşqçisi Ergin Atamanın məhdud büdcə ilə komandanı Avroliqanın liderlərindən biri etməsi digər klublar üçün nümunə mənbəyinə çevrilib.
Əslində, Ataman buna qədər işlədiyi yerlərdə də nəticə verməyi bacarıb. Ötən mövsüm çempionatın yarımçıq dayandırılması nəticəsində Avroliqanı qazanmağa yaxın olan “Anadolu Efes”in planları alt-üst olmuşdusa, bu mövsüm Ataman yarımçıq qalmış işi davam etdirməyə hazırlaşır. “Anadolu Efes” Avroliqanı qazansa, türkiyəli mütəxəssis demək olar ki, Avropada hədəflədiyi son zirvəni də fəth edəcək. Növbəti hədəf isə MBA-ya yollanmaqdır. Məsələ ondadır ki, artıq MBA klubları “Anadolu Efes”in baş məşqçisi ilə yaxından maraqlanır. Xarici mətbuatın yazdığına görə “Vaşinqton Uizards” və “Klivlend Kavalyers” rəhbərliyi Atamanla yayda danışıqlar aparmağa hazırlaşır. Bu baş versə, türkiyəli mütəxəssis MBA-da çalışmadan orada müstəqil şəkildə bir klubun baş məşqçisi olan ilk avropalı kimi tarixə düşəcək.
Elə Ataman da mətbuata açıqlamasında okeanın o tayından gələn təkliflərə açıq olduğunu söyləyib: “MBA-dan təklif gəlsə, “yox” deməyəcəyəm. Özümə inanan bir insanam. Avropa basketbolu artıq MBA-ya yaxınlaşıb. Orada işləməkdən niyə qorxmalıyam ki? Burada işləyib sonradan MBA-da müstəqil klub çalışdıran avropalı məşqçi olmayıb. Xidmətimdə maraqlı olmaq istəyənlər varsa, onlarla görüşməyə hazıram!”

CANLI YAYIM