Bədii gimnastika üzrə dünya kuboku yarışlarının birinci gününə yekun vurulub

8 May, 10:32 Sosial mediada paylaşın:
Mayın 7-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya kuboku yarışları start götürüb.
Mayın 9-dək davam edəcək kubok yarışları "Tokio-2020" Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır.
Birinci yarış günündə fərdi gimnastlar halqa və top, qrup komandalar isə 5 topla proqramlarını təqdim ediblər.
Azərbaycanı bu yarışda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova, eləcə də son Avropa çempionatının üçqat medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış qrup hərəkətləri komandası təmsil edir.
Fərdi gimnastların halqa ilə təsnifat yarışında uğurla çıxış edən rusiyalı Daria Trubnikova, Alina Harnasko (Belarus), bolqarıstanlı Katrin Taseva, İtaliya təmsilçisi Aleksandra Acurcukukuleze, israilli Linoy Aşram, Özbəkistan gimnastı Sabina Taşkenbaeva, ABŞ idmançısı Laura Zenq və Lala Kramarenko (Rusiya) finala yüksəliblər. Gimnastlarımız Z.Ağamirova 16-cı, A.Cəlilova isə 36-cı olub.
Top ilə yarışlarda isə L.Kramarenko, L.Aşram, Boriana Kalein (Bolqarıstan), İsrail təmsilçisi Nikol Zelikman, D.Trubnikova, A.Harnasko, A.Acurcukukuleze və ukraynalı Viktoriya Onopriyenko uğurlu çıxışlarına görə, həlledici mərhələyə vəsiqə qazanıblar. Təmsilçilərimiz Z.Ağamirova 12-ci, A.Cəlilova isə 15-ci nəticə göstəriblər.
Dünya kubokunda qrup hərəkətləri komandaları arasında 5 topla yarışın finalçıları müəyyənləşib.
Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız təsnifat mərhələsində 43 xalla üçüncü olub və finala vəsiqə qazanıb. Azərbaycan komandası ilə yanaşı, Bolqarıstan, İtaliya, Belarus, Özbəkistan, Ukrayna, İsrail və Braziliya kollektivləri də finalda medallar uğrunda yarışacaqlar.
Qeydiyyat siyahısına əsasən, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, 167 gimnast iştirak edir.
Ənənəyə uyğun olaraq, kubok yarışlarında ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

CANLI YAYIM