Hemilton bu mövsüm 3-cü qələbəsini qazanıb

10 May, 09:23 Sosial mediada paylaşın:
Formula 1 üzrə İspaniya Qran-prisi başa çatıb.
Barselonadakı təsnifat mərhələsinin qalibi olan Lüis Hemilton əsas yarışda da uğur qazanıb. Hərçənd yarışın gedişində “Mersedes” pilotu Maks Ferstappenin gerisinə düşmüşdü. Amma “Red Bull” pilotunun finişə yaxınlaşarkən şinlərində yaşanan problem Hemiltonun işinə yaradı. Beləliklə də britaniyalı pilot 66 dövrəni 1 saat 33 dəqiqə 7 saniyəyə qət edərək bu mövsüm 3-cü dəfə qalib oldu. Hemiltondan 15 saniyə geridə qalan Maks Ferstappen yarışı 2-ci, “Mersedes” pilotu Valtteri Bottas isə 3-cü sırada tamamlayıb. Adəti üzrə yenə də uğursuz mövsüm keçirən “Ferrari”piltotları bu dəfə də ilk 3-lükdən kənarda qalıb. İtaliya komandasında çıxış edən Şarl Lekler 4-cü, Karlos Sayns isə 7-ci yeri tutub. Müxtəlif illərdə dünya çempionları olan Sebastyan Fettellə Fernando Alonso bu dəfə də azarkeşlərini məyus edib. 4 qat dünya çempionu Sebastyan Fettel yekun sıralamada 13-cü, 2 qat dünya çempionu Fernando Alonso isə 17-ci yerdə qərarlaşıb. Yarış boyunca yalnız “Alfa Tauri” pilotu Yuki Tsunoda finiş xəttini keçə bilməyib.
Şəxsi birinciliyə gəlincə, bu qələbə sayəsində Lüis Hemilton 94 xalla liderliyin möhkəmlədib. Maks Ferstappen 80 xalla 2-ci, Valtteri Bottas isə 47 xalla 3-cü pillədədir. Maraqlıdır ki, keçirilən 4 Qran-pri boyunca Sebastyan Fettel hələ də xal qazana bilməyib. Fernando Alonsonun isə cəmi 5 xalı var. Mühəndislər Kubokuna isə 141 xalla “Mersedes” başçılıq edir. “Red Bull” 112 xalla 2-ci, “Maklaren” isə 65 xalla 3-cü sıradadır.

CANLI YAYIM