Ferstappen Bakıya lider kimi gəlir

24 May, 16:26 Sosial mediada paylaşın:
Formula 1 üzrə Monako Qran-prisi geridə qalıb. Bu mövsüm yalnız İtaliya Qran-prisinin qalibi olan Maks Ferstappen Portuqaliya və İspaniyadakı yarışlarda Lüis Hemiltondan geridə qalsa da, Monte-Karloda yenidən məharətini göstərib. “Red Bull” pilotu 78 dövrəni 1 saat 38 dəqiqə 56 saniyəyə qət edərək finiş xəttini birinci keçib. Monakodakı yarış “Ferrari” üçün də uğurlu sonluqla yekunlaşıb. Təsnifat mərhələsində Şarl Lekler poul əldə etmişdisə, həlledici yarışda onun komanda yoldaşı Karlos Sayns liderdən 8 saniyə geri qalaraq ikinci yeri tutub. “Maklaren” pilotu Lando Norris fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Təsnifat mərhələsində uğursuzluqla üzləşən 7 qat dünya çempionu Lüis Hemilton həlledici mərhələdə də zəif təsir bağışlayaraq yarışı 7-ci sırada tamamlayıb. Əvəzində bu mövsüm imkanlarından aşağı səviyyədə çıxış edən  Sebastyan Fettel 5-ci yerə çıxaraq yarışın ən yaxşı pilotu seçilib. Yeri gəlmişkən, təsnifat mərhələsində ən yaxşı nəticəyə imza atmasına baxmayaraq, “Ferrari” pilotu Şarl Lekler bolidindəki problemlə əlaqədar yarışa start verə bilməyib. “Mersedes” pilotu Vallteri Bottas isə yarışı tamamlaya bilməyən yeganə pilotu olub.
Pilotlar arasında şəxsi birinciliyə gəlincə, “Red Bull” pilotu Maks Ferstappen Monakoda qələbə qazanmaqla ümumilikdə 105 xal toplayaraq liderliyə yüksəlib. “Mersedes” pilotu Lüis Hemilton 101 xalla 2-ci sıraya yuvarlanıbsa, “Maklaren” pilotu Lando Norris 59 xalla 3-cü yerdə qərarlaşıb.  Elə Mühəndislər Kubokunda da “Red Bull” zirvəni ələ keçirib. 149 xal toplayan Avstriya komandasını 148 xalla “Mersedes” izləyir.  “Maklaren” 80 xalla 3-cü pillədədir.  Sonda onu da xatırladaq ki, növbəti yarış iyunun 6-da Bakıda keçiriləcək.

CANLI YAYIM