“Grand Chess Tour”: Şəhriyar Məmmədyarov qələbənin bir addımlığındadır

14 İyun, 12:00 Sosial mediada paylaşın:
İyunun 14-də Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Grand Chess Tour” şahmat seriyasının "Superbet Chess Classic Romania" turnirində doqquzuncu turunun oyunları keçiriləcək.
Xəbər verilir ki, Şəhriyar Məmmədyarov Rumıniyada keçirilən turnirin qalibi adına əsas namizədlərdəndir. Bunun üçün Ş.Məmmədyarova bu gün keçiriləcək sonuncu turda fransalı Maksim Vaşye-Laqrava məğlub olmamaq kifayətdir. Ermənistanlı Levon Aronyan və amerikalı Fabiano Karuana üzərində qazanılan ardıcıl inamlı qələbələr sayəsində aktivində 5,5 xal olan şahmatçımız hazırda ən yaxın izləyiciləri olan Aleksandr Qrişuk, Uesli So və Levon Aronyanı bir xal qabaqlayır.
Turnirdə keçirdiyi səkkiz oyunun hamısını heç-heçə başa vuran Teymur Rəcəbov hazırda 4 xalla altıncı pillədə qərarlaşıb. O, sonuncu turda Levon Aronyan ilə qarşılaşacaq.
“Grand Chess Tour” seriyasının növbəti mərhələsi iyunun 17-dən 23-dək Parisdə keçiriləcək.

CANLI YAYIM