Atletika üzrə Bakı çempionatının qalibləri müəyyənləşib

17 İyun, 15:00 Sosial mediada paylaşın:
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən atletika üzrə Bakı çempionatının qalibləri müəyyənləşib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BÇGİBİ) təşkilatçılığı ilə keçirilən yarışda atletlər qaçış, tullanma və atma növlərində qüvvələrini sınayıblar.
Çempionatda paytaxtın 8 komandasından 100-dən çox atlet birincilik uğrunda mübarizə aparıb.
Oğlanlar arasında uzunluğa tullanma yarışında Rüstəm Məmmədov, nüvə itələmə və lövhə atmada İsmayıl Əliyev, üçtəkanla tullanmada Emil İlyasov, hündürlüyə tullanmada Nikita Neftyakov, lövhə atmada İsmayıl Əliyev qalib adını qazanıblar.
Qızların yarışında isə üçtəkanla tullanmada və uzunluğa tullanmada Yekaterina Sarıyeva, lövhə atma və nüvə itələmədə isə Günel Hüseynova birinci yerə layiq görülüblər.
Oğlanlar arasında qaçış yarışlarında Əlhəm Nağıyev (100 m), Teymur Salahzadə (200 m, 400 m), Cavid Məmmədov (400 m), Allahqulu Hüseynov (800 m), Elxan Qasımov (1500m, 3000 m) birinci olublar. Qızların mübarizəsində isə Lamiyə Vəliyeva (100 m, 200 m), Leyla Sadıqova (400 m), Yuliya Belkova (800 m) və Anna Yusupova (1500 m, 3000 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qaliblər Baş İdarə tərəfindən diplom və medallarla təltif olunublar.
 

CANLI YAYIM