Boksçularımız Avropa çempionatına uğurla start veriblər

18 İyun, 12:30 Sosial mediada paylaşın:
İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.41 ölkənin qatıldığı yarışın birinci günü Azərbaycan millisinin üzvləri üçün uğurlu alınıb. Rinqə çıxan dörd boksçumuzun hər biri mərhələ adlayıb. Belə ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Cəlal Qurbanov onaltıdabir final mərhələsində macarıstanlı İstvan Bundovçsə 5:0 hesabı ilə qalib gəlib. O, növbəti döyüşündə ermənistanlı Jorjik Marutyan ilə qarşılaşacaq. Görüş iyunun 19-da olacaq.
Ruslan Rüstəmovun (64 kq) Uça Jorjoliani (Gürcüstan) ilə qarşılaşması daha gərgin alınıb. Görüşdə 3:2 hesabı ilə qələbə qazanan boksçumuz səkkizdəbir finala yüksəlib. O, bu gün rusiyalı Maqomed Şamsayevlə üz-üzə gələcək.
Sərxan Əliyev (69 kq) Patriot Behramini (Kosovo) mübarizədən kənarlaşdırıb. Rəqibini 5:0 hesabı ilə məğlub edən təmsilçimiz səkkizdəbir finalda ukraynalı Maksim Molodanla döyüşəcək. Görüş iyunun 19-da baş tutacaq.
Mirəşrəf Kazımzadə (75 kq) isə Arşak Yelizbaryana (Gürcüstan) şans verməyib. Həmyerlimiz erməni əsilli rəqibini 3:0 hesabı ilə məğlub edib. M.Kazımzadə bu gün səkkizdəbir finalda macarıstanlı Robert Cservenka ilə üz-üzə gələcək.
Yığmamızın 7 boksçu ilə təmsil edildiyi yarışda final görüşləri iyunun 24-də olacaq.

CANLI YAYIM