Koronavirusa yoluxduğu güman edilən Uqanda komandası Yaponiyada karantinə yerləşdirilib

23 İyun, 11:30 Sosial mediada paylaşın:
“Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Yaponiyaya gələn və koronavirusa yoluxduğu güman edilən Uqanda komandası iyulun 3-dək karantinə yerləşdirilib.
Komandanın tərkibində səkkiz nəfərin olduğu bildirilir.
Qeyd edilir ki, Uqanda komandası iyunun 20-də Tokionun “Narita” aeroportunda yerə endikdən sonra oyunçulardan birində koronavirus aşkar edilib. Onun Yaponiyaya gəlişi qadağan edilsə də, komandanın digər səkkiz üzvü avtobusla ölkənin qərbindəki İzumisano şəhərinə yola salınıb. Həmin şəhərə çatdıqdan sonra həkimin suallarını cavablandıran komanda üzvləri bu şəxslə son günlər sıx təmasda olduqlarını bildiriblər. Nəticədə idmançıların mehmanxanada təcrid edilmələri qərara alınıb. Bu idmançılardan hər gün koronavirus testi götürüləcək.
Bildirilir ki, bu, Olimpiadada iştirak etmək üçün Yaponiyaya gələn idmançıda yoluxma halının qeydə alındığı ilk hadisədir. Həmçinin idmançının Yaponiyaya gəlməzdən əvvəl iki doza “AstraZeneca” vaksini aldığı və Uqandadan uçmazdan 72 saat əvvəl mənfi koronovirus testi verdiyi də bildirilir.

CANLI YAYIM