Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb

21 Avqust, 09:40 Sosial mediada paylaşın:
Avqustun 20-də qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında mübarizəyə başlayıb.
2019-cu ildə olduğu kimi çempionat yenə 4 ölkənin meydanlarında keçirilir. Bu dəfə turnirə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniya ev sahibliyi edir.
Azərbaycan yığmasının yer aldığı A qrupunun oyunları Serbiyada təşkil olunur. Komandamız qrupda ilk oyununu Belçika yığmasına qarşı keçirib.
Avropa çempionatında komandamızın heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk çıxış ediblər.
Belqraddakı "Stark Arena"da təşkil olunan görüş Belçika millisinin 3:0 (25:13, 26:24, 25:13) qələbəsi ilə yekunlaşıb.
Yığmamız avqustun 21-də Bosniya və Herseqovina, ayın 22-də Rusiya, iki gün sonra Serbiya, avqustun 25-də isə Fransa ilə qarşılaşacaq.
Qrupda ilk dörd yeri tutacaq komanda turnirin pley-off mərhələsinə vəsiqə qazanacaq.

CANLI YAYIM