"Mançester Yunayted" və "Çelsi" qələbə qazandı

20 Sentyabr, 15:01 Sosial mediada paylaşın:
İngiltərə premyer liqasında 5-ci tur başa çatıb.
“Mançester Yunayted” “Vest Hem”in qonağı olub. İlk hissədə komandalar hərəyə 1 dəfə fərqlənib. Yarım saatın tamamında Səid Benrahma londonluları önə keçirib. 5 dəqiqə sonra Kriştianu Ronaldu tarazlığı bərpa edib. Görüşün sonu isə maraqlı hadisələrlə zəngin olub. Vaxtın bitməsinə 1 dəqiqə qalmış “Yanq Boyz” ilə matçın anti-qəhrəmanı Cessi Linqard keçmiş komandasının qapısına yol tapıb. Əlavə olunan dəqiqələrdə London futbolçuları hesabı bərabərləşdirmək üçün əla imkan qazanıblar. Devid Moyes 11 metrlik zərbəni yerinə yetirməsi üçün Mark Noblı meydana daxil edib. Amma təcrübəli futbolçu baş məşqçinin etimadını doğrulda bilməyib. “Mançester Yunayted”in qapıçısı David De Xea topu dəf edərək 7 ildən sonra premyer liqada penalti qurtarışı ilə diqqət mərkəzinə düşüb. Beləliklə “qırmızı şeytanlar” 2:1 hesabilə qələbə qazanıb. Ule Qunnar Sulşerin komandası ötən mövsümün əvvəlindən indiyədək dönüş etdiyi  oyunlarda ümumən 35 xal əldə edib ki, bu da rekord göstəricidir.
5-ci tur London derbisiylə də əlamətdar olub. “Tottenhem” “Çelsi” ilə üz-üzə gəlib. “Zadəganlar” 2-ci hissədə vurulan 3 qol sayəsində qalib gəliblər. Tyaqo Silva, Nqolo Kante və Antonio Rüdiger rəqib qapısına yol tapıb.
“Brayton” – “Lester” görüşündə isə meydan sahibləri uğur qazanıblar 2:1. “Brayton”un heyətində Nil Mope və Denni Uelbek, qonaqlardan isə Ceymi Vardi fərqlənib. Hazırda İngiltərə premyer liqasında 13 xal qazanan 3 komanda – “Çelsi”, “Liverpul” və “Mançester Yunayted”  irəlidə gedir. 5 turdan 12 xal toplayan “Brayton” ilk 4-lüyü tamamlayır.

CANLI YAYIM