"Yuventus"la "Milan"dan hərəyə bir qol, bir xal

20 Sentyabr, 16:36 Sosial mediada paylaşın:
“Yuventus” İtaliya A seriyasının 4-cü turunda “Milan”ı qəbul edib. Görüşdə erkən qol vurulub. 4-cü dəqiqədə Alvaro Morata qapıçıyla dueldə qalib gəlib. Birinci hissə minimal hesabla başa çatıb. Turin futbolçuları sərfəli nəticəni sonadək qoruya bilməyiblər. 76-cı dəqiqədə Ante Rebiç tarazlığı bərpa edərək mübarizəyə nöqtə qoyub:  “Yuventus” – “Milan” 1:1.
“Kalyari” yeni baş məşqçisi Valter Matsarrinin rəhbərliyilə ilk görüşə paytaxtda çıxıb. “Latsio”nun qonağı olan Sardiniya klubu səfərdə 1 xal qazanıb. 1-ci hissənin tamamında meydan sahiblərindən Çiro İmmobile hesabı açıb. Fasilədən sonra Joau Pedru və Keyta Balde fərqlənərək “Kalyari”ni irəli keçirib. Amma vaxtın başa çatmasına 7 dəqiqə qalmış Danilo Kataldi sardiniyalıların qapısına yol taparaq yekun nəticəni müəyyənləşdirib:  “Latsio” – “Kalyari” 2:2.
Roma şəhərinin eyniadlı klubu isə baş məşqçisini dəyişən digər komanda – “Verona”ya səfərdə uduzub.  İqor Tudorun rəhbərlik etdiyi kollektiv ilk 3 turda maksimum nəticə göstərən “Roma”nı 3:2 hesabilə məğlub edib. Beləcə “Verona” yeni mövsümdə ilk dəfə qələbə qazanıb.
4-cü turun digər matçlarına gəlincə, “Sampdoriya” səfərdə “Empoli”nin qapısından 3 cavabsız top keçirib. “Venetsiya” isə öz meydanında “Spetsiya” ilə bacarmayıb  - 1:2.

CANLI YAYIM