Bu gün Avroliqada yeni mövsüm start götürür

30 Sentyabr, 17:34 Sosial mediada paylaşın:
Bu gün Bakı vaxtı ilə 21:00-da “Monako” – “Panatinaikos” oyunu ilə Avroliqada yeni mövsüm start götürür.
Ənənəvi olaraq 18 komandanın yarışacağı 22-ci mövsümdə azarkeşlərin maraqlı bir çempionat izləyəcəyini iddia etmək olar. Son iki mövsümdə pandemiya ilə əlaqədar təçkilatçılıqla bağlı müəyyən çətinliklər var idisə, artıq problemlər yoluna qoyulub. Elə komandalar da bütün qüvvəsini səfərbər edib.  Ötən mövsüm olduğu kimi yenə də “Anadolu Efes”, ÇSKA, “Real” və “Barselona” çempionluq uğrunda mübarizədə əsas favorit olacaq. Son çempion “Efes” demək olar ki, bütün aparıcı oyunçularını qoruyub. Xüsusən də bu mənada Şeyn Larkin və Vasilie Mitsiçi fərqləndirmək olar. Bununla kifayətlənməyən Türkiyə təmsilçisi “Filadelfiya Seventi Siksers”in draft etdiyi 21 yaşlı serbiyalı mərkəz oyunçusu Filipp Petruşevi transfer etməklə heyətini gücləndirib.
Son 2 ildə imkanlarından aşağı səviyyədə çıxış edən “Fənərbağça” isə bu dəfə daha iddialı olmaq istəyir. Jelko Obradoviçdən sonra serbiyalı məşqçilərə bel bağlayan “sarı lacivərdlilər” İqor Kokoşkovu yola saldıqdan sonra Saşa Corceviçlə anlaşıb. Nando De Kolo və Yan Veselı kimi oyunçularını qoruyub saxlayan “Fənər” Açillle Polonar, Devin Buker və Pyerriya Henri ilə güclənib.
Ötən mövsüm finalda “Anadolu Efes”ə uduzan “Barselona” da əsas heyət üzvlərini qoruyub. Amma “Real”dan Nikolas Laprovitollanı transfer edən kataloniyalılar Adam Hanqa ilə Toma Ertelin əks düşərgəyə yollanmasına mane ola bilməyib.  Hər il Avroliqanın əsas favoritlərindən olan ÇSKA-ya gəlincə, komandanın Mayk Ceymsin gedişindən sonra necə təsir bağışlayacağı maraq doğurur. “Ximki”nin lideri Aleksey Şvedin Moskva klubuna qayıdışı da komandanın gücünü artıra bilər.
İlk turun oyunlarına gəlincə,  bu gün “Milan” – ÇSKA, “Real” – “Anadolu Efes”, sabah isə “Fənərbağça” – “Srvena Zvezda” və “Olimpiakos” – “Baskoniya” oyunlarının gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir.

CANLI YAYIM