Əflatun Amaşov: "Elnur Əşrəfoğlunun xatirəsi əbədi yaşayacaq"

20 Oktyabr, 16:30 Sosial mediada paylaşın:
"Elnur Əşrəfoğlu Azərbaycanın ən tanınmış və peşəkar jurnalistlərindən biri idi. Allah ona rəhmət eləsin. O, əsl jurnalist idi. Sahə hüquqşünaslıqla bağlı olsa da, jurnalist kimi daha çox populyarlıq qazandı".
Bu fikirləri jurnalistlərə açıqlamasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu haqqında danışarkən deyib.
O, Əşrəfoğlunun müxtəlif media qurumlarında çalışdığını xatırladıb: "Azərbaycan Televiziyasında çalışdı, bir neçə verilişlər apardı, "Space" televiziyasında departament rəhbəri oldu, bir müddət "Neftçi" klubunun sözçüsü kimi fəaliyyətini davam etdirdi, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü oldu, ayrı-ayrı təşkilatlarda çalışdı. Əminəm ki, onun xatirəsi dostlarının qəlbində əbədi yaşayacaq. Elnur yeganə jurnalist deyil ki, koronavirus onu əlimizdən alıb. O, 14-cü belə jurnalistdir. Daha əvvəl Oğuz Altay adlı gənc jurnalist 32 yaşında eyni səbəbdən vəfat edib. Koronavirus yaşlı və ya cavana baxmır. Kimi cənginə salırsa, onu aramızdan aparır. Bu vaxta qədər 300-dək jurnalist koronavirusa yoluxub. Çıxış yolu peyvənd olunmaqdır. Mətbuat Şurasında 1100-dən çox jurnalist aşılanıb. Ümid edirəm ki, bir sıra jurnalistlər də MŞ-nın çağırışına səs verəcək, özlərini və ailələrini düşünəcəklər".
Amaşov peyvənd olunan media mənsublarının arasında koronavirusa yoluxanların da olduğunu söyləyib: "Amma onlar xəstəliyi yüngül keçiriblər. Çalışaq ki, xəstəlikdən qorunaq. Allah bütün ölənlərə rəhmət etsin və xəstələrə şəfa versin. Biz nəinki özümüzü, ailəmizi, bütün kollektivimizi qoruyuruq və bir növ həyatda yaşamağı bacarırıq. Həyatda yaşamağı bacarmalıyıq".
Cüdo Federasiyasının baş katibi Elmar Babanlı 2015-ci ilin sentyabrından Elnur Əşrəfoğlu ilə birlikdə işlədiyini xatırladıb: "Elnur işinin peşəkarı idi. Artıq gənclik illərindən onun müxbirlik, aparıcılıq və şərhçilikdə böyük bacarığı var idi. 2015-ci ilin sentyabrında Azərbaycan Cüdo Federasiyası yenidən təşkil olunandan son günlərə qədər qurumun fəaliyyətinin yerli və xarici platformalarda işıqlandırılması, sosial şəbəklərdə işlər və s. hamısı onun zəhməti ilə bağlıdır. Elnur xatirəmizdə ancaq gülərüz, şən, peşəkar və pozitiv insan kimi qalıb. Onun xatirəsi yaddaşımızda əbədi qalacaq".

CANLI YAYIM