Rəşad Nəbiyev Azərbaycan Cüdo Federasiyasının yeni prezidenti seçilib

2 Noyabr, 11:45 Sosial mediada paylaşın:
Noyabrın 1-də Gənclər və İdman Nazirliyində Azərbaycan Cüdo Federasiyasının növbədənkənar konfransı keçirilib.
Konfransda gənclər və idman naziri Fərid Qayıbov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, eləcə də Olimpiya və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çingiz Hüseynzadə tədbirdə çıxış edərək ölkəmizdə cüdo idmanının inkişafından, federasiyanın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi altında əldə edilən uğurlardan danışıb.
Sonra Azərbaycan Cüdo Federasiyası rəhbərliyinə və icraiyyə komitəsinin üzvlüyünə seçkilər keçirilib. Səsvermə nəticəsində Rəşad Nəbiyev Azərbaycan Cüdo Federasiyasının prezidenti seçilib. Federasiyanın vitse-prezidenti vəzifəsinə Rövşən Rüstəmov və Elnur Məmmədli, icraiyyə komitəsinin üzvlüyünə isə Ağayar Axundzadə, Raqif Abbasov, Asif Əsgərov, Nazim Hüseynov, Azər Əsgərov və Elxan Məmmədov seçiliblər.
Azərbaycan Cüdo Federasiyasının sabiq prezidenti Rövnəq Abdullayev federasiyanın yeni rəhbərliyini və icraiyyə komitəsinin üzvlərini təbrik edib, uğurlar arzulayıb.
Federasiyasının yeni prezidenti Rəşad Nəbiyev ölkəmizdə cüdonun inkişafı ilə bağlı son illər kifayət qədər böyük uğurların olduğunu vurğulayıb: “İdmançılarımız Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük nailiyyətlər qazanıblar. Ən ümdə vəzifəmiz bu uğurları daha da inkişaf etdirməkdir. Bunun üçün əvvəlcə qısa və uzun müddətli hədəflər müəyyən edilməli, bu hədəflərdən irəli gələn strategiya müəyyənləşdirib addımlar atılmalıdır”.
Rəşad Nəbiyev qarşıda idmançılarımızı bir sıra nüfuzlu idman yarışlarının, o cümlədən Olimpiya Oyunlarının gözlədiyini bildirərək, gələcəkdə daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb.

CANLI YAYIM