Lüis Hemilton Braziliya Qran-prisinin qalibi olub

15 Noyabr, 13:43 Sosial mediada paylaşın:
Formula 1 üzrə Braziliya Qran-prisi başa çatıb.
San-Paulu avtodromunda keçirilən yarış maraqlı mübarizə şəraitində keçib. Yarışa 10-cu sıradan başlayan Lüis Hemilton rəqiblərini geridə qoyaraq bu mövsüm 6-cı qələbəsini qazanıb. “Mersedes” pilotu 71 dövrəni 1 saat 32 dəqiqə 22 saniyəyə qət edib. Çempionatın lideri Maks Ferstappen isə ikinci olub. “Red Bull” sürücüsü Lüisdən 10 saniyə geri qalıb. Bir gün əvvəl sprint yarışının qalibi olan Valtteri Bottas 3-cü yerə sahib çıxıb. Maraqlıdır ki, ilk 6 yeri yalnız 3 komandanın pilotları tutub. Ferstappenin komanda yoldaşı Serxio Peres 4-cü olubsa, “Ferrari” pilotları Şarl Lekler və Karlos Sayns müvafiq olaraq 5-ci-6-cı yerlərdə qərarlaşıb. Yeri gəlmişkən, həftəsonu Qran-pridə qalib gəlməsinə baxmayaraq Hemilton cərimələnib. Britaniyalı pilot boksa gələrkən Braziliya bayrağını götürməkdən ötrü təhlükəsizlik kəmərini boşaldıb. Buna görə ona 5 min avro cərimə kəsilib. Mövsümün sonuna qədər Lüis qaydaları yenə də pozacağı halda daha 20 000 min avro cərimələnəcək.
Buna baxmayaraq, San Pauluda qalib gələn Hemilton 332,5 xal toplayan çempionatın lideri Maks Ferstappenə bir qədər də yaxınlaşıb. İndi onları cəmi 14 xal ayırır. 203 xal toplayan Valtteri Bottas isə 3-cü sıradadır. Mühəndislər yarışına isə 521,5 xalla “Mersedes” başçılıq edir. “Red Bull” 510,5 xalla ikinci, “Ferrari” 287,5 xalla üçüncüdür. Növbəti yarış həftəsonu Qətərdə keçiriləcək.

CANLI YAYIM