Basketbol üzrə DÇ-nin seçmə mərhələsinin oyunları davam edir

30 Noyabr, 17:05 Sosial mediada paylaşın:
Basketbol üzrə dünya çempionatının seçmə mərhələsində 2-ci turun oyunları başa çatıb. Favorit komandalar bu turu da itkisiz başa vurub. G qrupunda mübarizə aparan İspaniya millisi Gürcüstan yığmasını darmağadığın edib. İlk hissəni 23:15 hesabı ilə öndə başa vuran pirineylilər ikinci 10 dəqiqəlik hissədə də üstün oyun nümayiş etdirib – 24:16. Böyük fasilədən sonra İspaniya millisi meydanda dominantlıq edib. Üçüncü hissədə rəqibinə yalnız 10 xal toplamağa imkan verən ispanlar özləri 17 xal yığıb. Son hissədə qərbi avropalılar yenə də meydanda diqtə edən tərəf olub – 25:20. Beləliklə də 89:61 hesabı ilə qalib gələn İspaniya millisi ardıcıl 2-ci oyununda da qalib gəlib. Qrupda keçirilən digər oyunda Ukrayna yığması Şimali Makedoniyanı 78:61 hesabı ilə məğlub edib.
Dünya çempionatının favoritlərindən olan Fransa millisi də azarkeşlərini sevindirib. Macarıstan yığması ilə qarşılaşan Tokio Olimpiadasının finalçısı artıq ilk hissədə rəqibini çətin vəziyyətə salıb – 21:8. Böyük fasiləyə qədər macarlar bir qədər fəallığı artırsa da, fransızlar yenə də oyuna nəzarəti əlində saxlayıb – 24:21. 3-cü hissədə də meydanda məhz qərbi avropalılar dominantlıq edib – 18:9. Son hissəni macarlar 16:15 hesabı ilə öndə bitirsələr də, bu fransızların böyük hesablı qələbə qazanmasına mane olmayıb – Macarıstan – Fransa 54:78. Qrupun digər oyununda Monteneqro Portuqaliya ilə oyunda favorit statusunu doğruldub - 83:69.

CANLI YAYIM